Qeyri-neft mallarının ixracı çoxalır

post-img

4 ayda xarici bazarlara 1,1 milyard dollarlıq məhsul göndərilib

Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi neft-qaz strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyard manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstərici 85 milyard manatı ötüb.

Bu sahədə artım tendensiyası 2025-ci ilin birinci rübündə də müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 892,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bunun da 20 milyard 102,6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Rüb ərzində ölkə üzrə qeyri-neft-qaz ÜDM-i əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artıb.

Ölkənin qeyri-neft-qaz sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri ixrac əməliyyatlarında da özünü qabarıq şəkildə büruzə verir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Son illər Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayığısı ölkədə yeyinti məhsullarının istehsalının artması ilə müşayiət olunur. Bu da ixrac strukturunda bu növ məhsulların payının çoxalmasına gətirib çıxarır. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-aprel aylarında ölkəmizdən 300,1 milyon dollarlıq yeyinti məhsulları ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. İlin ilk 4 ayında şəkərin ixrac dəyəri isə 25,8 faiz artaraq 1,9 milyon dollar təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ölkənin aqrar və aqrar-sənaye məhsullarının ixracında da əhəmiyyətli artım qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin 4 ayında aqrar məhsulların ixrac dəyəri 14 faiz artaraq 232,7 milyon dollar, aqrar-sənaye məhsullarının ixrac dəyəri isə 7,9 faiz artaraq 90,8 milyon dollara çatıb. Bütövlükdə, hesabat dövründə qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxalaraq 323,6 milyon dollar təşkil edib.

Yeri gəlmişkən, son illər Azərbaycanın kənd təsərrüfatı sektorunda yaradılmış məhsul bolluğu daxili bazarın tələbatını ödəməklə yanaşı, ölkənin ixrac potensialının artmasına da mühüm töhfələr verir. Bu baxımdan əsas bitkiçilik məhsullarından sayılan pambıq mahlıcı və pomidoru xüsusi qeyd etmək olar. Elə cari ilin yanvar-aprel aylarında ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında adıçəkilən məhsulların üstünlük təşkil etməsi də bunu təsdiqləyir. Belə ki, hesabat dövründə Azərbaycandan 26,8 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,8 faiz çoxdur.

Cari ilin ilk 4 ayında sənaye mallarının ixracı üzrə də uğurlu nəticələr əldə olunub. Belə ki, hesabat dövrü ərzində kimya sənayesi məhsullarının ixrac dəyəri 35 milyon dollar və ya 42,5 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 4,1 milyon dollar və ya 16,7 faiz, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 6,1 milyon dollar və ya 9,8 faiz, pambıq ipliyin ixrac dəyəri isə 360,9 min dollar və ya 5,3 faiz artıb.

Göründüyü kimi, son illər ölkəmizdə qəbul olunmuş məqsədli dövlət proqramları, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artmasına imkan yaradır.

 

 

İqtisadiyyat