Dünən Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Meysəri kəndində keçirilən festival 2 gün davam edəcək.
Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.
Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına da təkan verir. Nazir qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon litr şərab istehsal olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq”.
Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edib.
Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir. Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.
Festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir. Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub. Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biləcəklər.
Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.
XQ