Energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru Qert Yan Kupman arasında görüş olub.
Energetika Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib. Söhbət zamanı 2021-2024-cü illər ərzində Azərbaycanın Aİ-yə qaz ixracının 57 faizdən çox artdığı vurğulanaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması üçün investisiyalar və uzunmüddətli müqavilələrin vacibliyi qeyd olunub. Aİ-nin qaz layihələrinin maliyyələşdirilməsinə dair siyasəti nəzərdən keçirilib.
Baş direktor Qert Yan Kupman tərəfindən Orta Dəhliz kontekstində regionla Aİ arasında enerji və elektrik ticarətini artırmağa yönəlmiş planlar çərçivəsində Azərbaycanla əməkdaşlığa, xüsusilə “Xəzər – Qara Dəniz – Avropa Yaşıl Enerji Dəhlizi”nə xüsusi maraq ifadə edilib. Söhbət əsanasında layihənin texniki-iqtisadi əsaslandırma mərhələsində olması, Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün həyata keçirilən proseslər, dəhlizin elektrik enerjisi ilə yanaşı, fiber-optik komponenti, eləcə də növbəti mərhələdə “yaşıl” enerjinin tədarük imkanları barədə məlumat verilib. Bu dəhlizin “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə əlaqələndirilməsi perspektivi diqqətə çatdırılıb.
Nazir Pərviz Şahbazov bildirib ki, layihə Avropa ilə Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə birləşdirə bilər, bu da gələcəkdə Qazaxıstan və Özbəkistandan böyük həcmlərdə enerji resurslarının Avropaya ötürülməsini təmin edə və Ai-nin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər.
Görüşdə, həmçinin Azərbaycan – Avropa İttifaqı enerji dialoqunun üçüncü iclasının keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.