İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında 4 min 995 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Onların 89,5 faizi (4 min 471) yerli, 10,5 faizi (524) isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 faizi elektron qaydada rəsmiləşdirilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin “e-qeydiyyatı”nın xüsusi çəkisi 97,1 faizə yüksəlib.
Qeyd edək ki, son illərdə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, biznes mühitinin liberallaşdırılması və xarici investisiyaların cəlbi istiqamətində mühüm addımlar atılıb. Enerji sektorundakı sabit mövqeyini qorumaqla yanaşı, qeyri-neft sahələrinə investisiyaların artırılması da dövlətin əsas prioritetlərindən biri kimi diqqətdə saxlanılıb. Ölkənin geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları, geniş infrastruktur layihələri və islahat yönümlü iqtisadi siyasəti nəticəsində Azərbaycan regionda cəlbedici investisiya məkanına çevirilib.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların həcmi 19,3 milyard manat təşkil edib. Bunun, təxminən, 40 faizi qeyri-neft sektorunun payına düşüb. Xarici sərmayələr üzrə əsas tərəfdaş ölkələr isə Çin, Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ olub.
Adıçəkilən komitədən bildirilib ki, 2023-cü ildə Azərbaycana daxil olan birbaşa xarici investisiyalar 4,5 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu göstərici pandemiyadan sonrakı bərpa dövründə sabit artım tendensiyasının davamı kimi qeydə alınıb.
İnvestisiya mühitini müəyyənləşdirən əsas amillərə gəldikdə isə qeyd edə bilərik ki, bu məsələdə hüquqi bazanın yaradılması və islahatların həyata keçirilməsi mühüm önəm daşıyıb. Azərbaycan “İnvestisiyaların təşviqi haqqında” qanunvericilik bazasını yenilənməsi, investorların hüquqlarının qorunması, arbitraj mexanizmlərinin təkmilləşdirilməsi və lisenziya-vergi yüklərinin azaldılması istiqamətində mühüm tədbirlər görüb. Əlavə olaraq, “İnvestisiya təşviqi sənədi” alan layihələr 7 il müddətinə vergi güzəştləri əldə edib.
Ölkənin mühüm beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, o cümlədən Orta Dəhliz və Şimal-Cənub istiqamətləri – Azərbaycana strateji tranzit mərkəzi rolu qazandırır. Bakı Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Füzuli Beynəlxalq Hava Limanı kimi layihələr investorlar üçün logistik baxımdan əlverişli mühit yaradır.
Bu məsələdə əmək bazarı və insan kapitalı amilləri də əhəmiyyətli rol oynayır. Azərbaycanda ali təhsilli əhali nisbətən yüksək olsa da, ixtisaslı kadr çatışmazlığı müəyyən sahələrdə, xüsusilə texnologiya və aqrobiznes istiqamətlərində hiss olunur. Bu səbəbdən də dövlət əmək bazarının çevikləşdirilməsi və peşə təhsili proqramlarını genişləndirmək üçün islahatlar həyata keçirir.
Azərbaycanda əlverişli xarici investisiya mühitindən danışarkən bu məsələdə beynəlxalq reytinqlərin ölkəmizin vəziyyəti barədə qiymətləndirmələrinə də diqqət yetirmək istərdik. Məsələn, Doing Business (Dünya Bankı) hesabatına əsasən, Azərbaycan 191 ölkə arasında 34-cü yerdə qərarlaşıb. Bu göstərici “biznesin qeydiyyatı”, “tikintiyə icazə”, “vergi ödəmələri” və “müqavilələrin icrası” kimi sahələrdə irəliləyişləri əks etdirib. Qlobal Rəqabətlilik İndeksində isə ölkəmiz 141 ölkə arasında 58-ci yeri tutub, infrastruktur, makroiqtisadi sabitlik və bazar ölçüsü üzrə yüksək nəticələr göstərib.
Kredit reytinqlərinə gəldikdə isə qeyd edə bilərik ki, Fitch Ratings (2024-cü ilin əvvəlində) Azərbaycanın suveren kredit reytinqini “BB+” (stabil) səviyyəsində təsdiqləyib. Bu, fiskal ehtiyatların möhkəmliyi və borc yükünün aşağı olması ilə əsaslandırılıb.
Respublikamızda investorlara cəlbedici olan sahələr də artıq müəyyənləşdirilib. Bura bərpa olunan enerji, aqrobiznes, turizm və xidmət sektoru kimi sahələr daxil edilib. Bu fikri konkret ifadə edərək bildirək ki, xüsusilə Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi potensialı yüksək qiymətləndirilib. BP, ACWA Power (Səudiyyə Ərəbistanı) və Masdar (BƏƏ) kimi şirkətlər bu sahəyə daxil olunub. İxracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə investisiyalar üçün də əlverişli imkanlar yaradılıb. Aqroparkların və xüsusi iqtisadi zonaların bu sahəyə marağı gücləndirilib. Nəhayət, turizm və xidmət sektoru üçün Qarabağ bölgəsində “yaşıl” turizm, sağlamlıq və mədəni turizm istiqamətləri üzrə layihələr planlaşdırılıb və icrasına başlanılıb.
Lakin əldə olunan irəliləyişlərə baxmayaraq, hələ də icazə və qeydiyyat proseslərinin sürətləndirilməsinə ehtiyac olduğu bildirilir. Məhkəmə-hüquq sisteminə inamın zəifliyi də ciddi narahatlıq doğurur. Mübahisələrin həlli və hüquqların qorunması baxımından məhkəmə sistemində institusional islahatlara ehtiyacı duyulur. Geosiyasi gərginliklər və Ermənistanla normallaşma prosesi fonunda bəzi xarici investorlarda ehtiyatlı yanaşma özünü büruzə verir.
Beləliklə, Azərbaycan investisiya mühiti baxımından Cənubi Qafqazın ən sabit və perspektivli ölkələrindən biri hesab olunur. Enerji və nəqliyyat sektorundakı möhkəm baza, islahatlar yönümlü iqtisadi siyasət və strateji coğrafi mövqe ölkəyə sərmayə üçün cəlbedici imkanlar təqdim edir. Lakin uzunmüddətli və sabit investisiya axını üçün hüquqi sistemin təkmilləşdirilməsi, institusional şəffaflıq və insan kapitalının inkişafı kimi sahələrdə əlavə layihələrin reallaşdırılmasına ehtiyac duyulur.