Lənkəranda Şəkər Aslan poeziya gləri

post-img

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran Bölməsi, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və "Söz" jurnalı redaksiya heyətinin birgə təşkilatçılığı ilə unudulmaz şair Şəkər Aslanın 90 illik yubileyi   qeyd olunub. 

"Söz" jurnalının baş redaktoru Sevda Əlibəyli Şəkər Aslanınhjəyat və yaradıcılığı barədə ətraflı məlumat verərək deyib ki, Lənkəranın Boladi kəndində anadan olan, M. Qorki adına Moskva Dünya Ədəbiyyatı institutunu bitirən, uzun müddət Lənkəran rayon qəzeti və "Söz" jurnalının baş redaktoru kimi çalışan   ömrünün son illərində AYB Lənkəran bölməsinə rəhbərlik  edən Şəkər Aslan poeziyasevərlərin həvəslə oxuduğu istedadlı şairlərdən olub. O, Xalq şairi Nəbi Xəzrinin “Uğurlu yol”u ilə ədəbiyyata gələn Şəkər Aslan bütün yaradıcılığı ilə Xalq şairi Məmməd Arazın onun haqqında dediyi "Sən bölgə şairi deyil, ölkə şairisən,"- sözlərini doğruldub. Şairin haqqında çəkilmiş videokadrların məzmunu da bunu sübut edib.    

Sonra AMMA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Şəkər Aslanın yaradıcılıq məziyyətlərindən danışıb və onun Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən danışıb, sonetlər çələngi yazmaq ənənəsinin bu gün də davam etdirildiyini bildirib. AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli öz çıxışında bölgədə ədəbi mühitin inkişaf etdirilməsində Şəkər Aslanın xüsusi rolu olduğunu qeyd edib. Onun yaradıcı insanlara göstərdiyi qayğıdan, xeyirxah bir ziyalı olduğundan bəhs edib.    

Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı, poliqrafçı alimi Şəddat Cəfərov, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, "Aşkarlıq" qəzetinin baş redaktoru, yazıçı-publisist Hacı Etibar Əhədov Şəkər Aslan haqqında xatirələrini bölüşüblər. Şairlərdən Xudaverdi Cavadov, Ağamir Cavad, Əhməd Haqsevər,  Ofelya Nəzərova şair haqqında xatirələrini danışıb, ona həsr etdikləri şeirlərini oxuyublar.  

Sonda Şəkər Aslanın qızı Aytel Aslanova tədbirin təşkilatçılarına, atası haqqında xoş söz deyən çıxışçılara, və tədbirin bütün  iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib.  

Tədbirin ertəsi günü Lənkəran ziyalılarının bir qrupu və Boladi kəndinin ziyalıları Şəkər Aslanın  məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.  "Mən öz kəndimə ana demişəm" misrası ilə başlayan "Gözləyin məni" şeirini yazmış Şəkər Aslanın xoş xatirələrdə yaşadığı, daim ehtiramla anıldığı vurğulanıb. Boladi kənd 2 saylı məktəbin gənc qiraətçiləri şairin şeirlərindən səsləndiriblər. 

Ə.ƏLİYEV      

XQ    

 





































Mədəniyyət