Bakıda Türk Dövlətlərinin Üz-Çənə Cərrahları üzrə I Konqres işə başlayıb

post-img

Bakıda Türk Dövlətlərinin Üz-Çənə Cərrahları üzrə I Konqresi keçirilib. 

Konqresin özəlliyi - eyni zamanda Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin 33-cü Dünya Konqresi (ICMFS) və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi ilə paralel şəkildə təşkil olunmasıdır. 

Bu möhtəşəm tədbir Türk dünyasının ən nüfuzlu mütəxəssislərini bir araya gətirərək bilik mübadiləsinə, innovasiyalara və gələcək əməkdaşlıqlara zəmin yaradıb.

Dünyanın müxtəlif ölkələrindən, Avropa və Asiyadan yüzlərlə mütəxəssisin iştirak etdiyi konqres Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və TƏBİB-in birgə dəstəyi ilə baş tutub.

Konqresin açılış mərasimində çıxış edən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov bildirib ki, tədbir tibb elminin inkişafı, müasir müalicə üsullarının paylaşılması və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır. Qeyd olunub ki, Amerika, İtaliya, Almaniya, Türkiyə, İsrail, Brazilya, Belçika və digər ölkələrdən tanınmış məruzəçilərin qatıldığı tədbirin elmi proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir. Bunlara stomatologiya, üzün estetik  və rekonstruktiv cərrahiyyəs, baş-boyun onkologiyası, otorinolarinqologiya, dermatologiya  və kosmetologiyaya aiddir.

Çingiz Rəhimov tədbirin məqsədinin bu sahədə tibbi xidmətin daha yüksək səviyyəyə qaldırılması üçün ən yeni texnologiyaların tətbiqinin müzakirəsi və təcrübə mübadiləsinin aparılması olduğunu vurğulayıb. O, konqresin “Yeni elmi və praktiki üfüqlə addımlayırıq! ” şuarı altında keçirildiyini diqqətə çatdırıb.

Açılış mərasimində, həmçinin Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev və digərləri çıxış edərək tədbirin elmi əhəmiyyətini vurğulayıb, konqresin işinə uğurlar arzulayıblar.

Üçgünlük tədbbir çərçivəsində baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış mütəxəssis, professor Jatin Şah (ABŞ), üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünya şöhrətli üz-çənə cərrahı, professor Jan-Pol Meningaud (Fransa), Hayfa Universitetinin Ağız və Üz-çənə Cərrahiyyəsi şöbəsinin müdiri, professor Adi Rachmiel (İsrail), Lokman Hekim Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi şöbəsinin müdiri, Çənə-Dodaq Yarığı və Əlaqəli Anomaliyalar Mərkəzinin direktoru professor Reha Kisnisci (Türkiyə) və digərləri maraqlı məruzələrlə çıxış ediblər.
Beynəlxalq mütəxəssislər təcrübə mübadiləsinin üz-çənə cərrahiyyəsinin bütün istiqamətlərinin inkişafına töhfə verəcəyini söyləyib, yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.

Tədbir çərçivəsində plenar iclaslar, simpoziumlar, təqdimatlar və ixtisaslaşmış sərgilərlə zəngin proqram təqdim olunub.  Həmçinin Azərbaycanda ilk dəfə beynəlxalq mütəxəssislərin iştirakı ilə üz cərrahiyyəsinə və almacıq diş implantasiyasına aid iki kadavr kursuç və pasiyentlər üzərində estetik təbabətə aid Master Klass keçirilib.  

Qabil Yusifoğlu
XQ









Elm