İstanbulda nəşr olunan "Türk Dünyası Kadın Araşdırmaları" beynəlxalq elmi jurnalının növbəti sayında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı dosent Əli Fərhadovun "Varlıq" jurnalında qadın məsələsi və qadın şairlərə baxış" adlı məqaləsi yer alıb.
XQ xəbər verir ki, tədqiqat işi 1979-2014-cü illər ərzində Tehranda Cavad Heyətin redaktorluğu ilə nəşr olunan "Varlıq" jurnalının materialları əsasında hazırlanıb. Məqalədə jurnalın həm ədəbi, həm də sosioloji baxımdan qadın azadlığı və təhsilinə verdiyi əhəmiyyət vurğulanıb.
Müəllif qeyd edir ki, Cavad Heyət qadın təhsilini bir sivilizasiya məsələsi hesab edərək, cəhalət və fanatizm nəticəsində qadın hüquqlarının məhdudlaşdırılmasını kəskin tənqid edirdi. Tədqiqatda "Kitabi-Dədə Qorqud" dastanındakı döyüşçü və müdrik qadın obrazlarından başlayaraq Məhsəti Gəncəvi, Ağabəyim Ağa və Nigar Rəfibəyli kimi simaların ədəbi kimlikləri incələnir. Pəhləvi şovinizminə qarşı demokratik haqlar uğrunda mübarizə aparan Hökümə Billuri və Mədinə Gülgün kimi şairlərin Vətən və azadlıq mövzulu şeirlərinə xüsusi yer verilib. Məqalədə, həmçinin Xalq şairi Səməd Vurğunun əsərlərindəki azad qadın obrazının "Varlıq" jurnalındakı əks-sədası analiz edilib.
Tədqiqatda sübut edilir ki, "Varlıq" jurnalı qadını sadəcə estetik bir fiqur kimi deyil, təhsilin, demokratik mübarizənin və sarsılmaz ailə quruluşunun əsas sütunu kimi təqdim edir. Jurnal qadın azadlığını milli-mənəvi dəyərlərlə müasir təhsil arasında qurulan tarazlıqda görür. Ə.Fərhadovun məqaləsində bütün bu məsələlər təqdim və təhlil edilib.
Qeyd edək ki, "Varlıq" jurnalının Tehranda və Ankarada nəşr olunmuş bəzi sayları Milli Azərbaycan Tarixi Muzeyində qorunur və təbliğ edilir.

