Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384 (Cild I); 2024, № 1, maddə 111, № 3, maddə 303, № 9, maddə 1090; 2025, № 7, maddə 713, № 9, maddə 858; 2026, № 1, maddə 88; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 mart tarixli 65 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na aşağıdakı məzmunda 6.8-3-cü bənd əlavə edilsin:
“6.8-3. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ mart ” 2026-cı il
№ 88

