Vəkillər Kollegiyasının nümayəndə heyəti Portuqaliyada beynəlxalq konfransda iştirak edib

post-img

26-29 mart tarixlərində Portuqaliyanın Faro şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti geniş miqyaslı beynəlxalq yaz konfransı keçirilib.

XQ xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Dörd gün davam edən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri, VK-nın EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov, VK-nın üzvləri - Sona Səlimli-Ələsgərova və Nurəngiz Qarayeva sözügedən konfransa qatılıb, o cümlədən tədbirdə dünyanın müxtəlif ölkələrindən vəkillər və hüquqşünaslar iştirak edib, aktual hüquqi məsələlər, qlobal çağırışlar habelə hüquq sisteminin inkişaf perspektivləri müzakirə olunub.

Konfrans çərçivəsində rəsmi açılış mərasimi, ümumi iclaslar, müxtəlif panellər təşkil edilib, xüsusilə “Gənc hüquqşünaslar və qlobal çağırışlar”, “Demokratiya risk altındadırmı?”, “Avropanın rəqəmsal platforma tənzimlənməsi: imkanlar və risklər” kimi mövzular geniş müzakirə olunub. Bununla yanaşı, hüquqşünasların cəmiyyətdə rolu, təşkilatlarda etik məsələlər və hüquq sahəsində innovasiyalar kimi aktual istiqamətlərə də toxunulub.

Eyni zamanda, konfransda Yunis Nəsibov və Sona Səlimli-Ələsgərova çıxış edərək Azərbaycanın bu ilin oktyabrında ev sahibliyi edəcəyi EYBA-nın payız konfransı barədə məlumat verib, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunacağı, beynəlxalq hüquq ictimaiyyəti üçün mühüm platformaya çevriləcəyi və iştirakçılar üçün həm peşəkar, həm də mədəni baxımdan zəngin proqram təqdim edəcəyi vurğulanıb.

Konfrans çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması, xüsusilə gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata keçirilib.

Sonda iştirakçılara rəsmi ziyafət təşkil olunub.

Qeyd edək ki, EYBA-nın payız konfransının cari ilin 8-10 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Sosial həyat