Müasir dövrdə qlobal çağırışlar fonunda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi və özəl sektorun inkişafı Azərbaycanın iqtisadi strategiyasının əsas prioritetlərindəndir. Bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusən də Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlıq mühüm rol oynayır.
Azərbaycan ilə BVF arasında münasibətlər hələ 1992-ci ildən etibarən formalaşmağa başlayıb. Son illərdə bu əməkdaşlıq daha çox texniki dəstək və məsləhətçi xidmətləri istiqamətində inkişaf edib. BVF ölkəmizdə fiskal dayanıqlığın gücləndirilməsi, büdcə siyasətinin effektivləşdirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və dövlət borcunun idarə olunması sahələrində mütəmadi olaraq tövsiyələr verir. Eyni zamanda, adıçəkilən fond tərəfindən Azərbaycanın makroiqtisadi sabitliyi yüksək qiymətləndirilir və ölkənin enerji sektorundan kənarda da iqtisadi artım imkanları vurğulanır.
Azərbaycanın uzunmüddətli iqtisadi strategiyası “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyən olunub və əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsidir. Neft gəlirlərindən asılılığın azaldılması üçün kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, logistika və sənaye sahələri üzrə aparılan islahatlar xüsusilə diqqət çəkir.
Dövlət tərəfindən sənaye zonalarının və aqroparkların yaradılması, eyni zamanda, vergi və gömrük güzəştlərinin tətbiqi yerli və xarici investorların cəlb olunmasına böyük töhfə verir. 2024-cü ildə qeyri-neft sektorunda ÜDM-in artım tempi ümumi iqtisadi artımı üstələyib ki, bu da struktur islahatlarının uğurunu əks etdirir.
İqlim dəyişikliyi ilə mübarizə və ekoloji davamlılıq Azərbaycanın iqtisadi inkişaf modelində əsas istiqamətlərdən birinə çevrilib. COP29 konfransının Bakıda keçirilməsi qərarı da ölkənin bu sahədə qlobal liderlik ambisiyalarını gücləndirir.
“Yaşıl enerji zonaları” konsepsiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji layihələri – Günəş və külək elektrik stansiyalarının tikintisi artıq başlanılıb. 2030-cu ilə qədər enerji istehsalında bərpa olunan mənbələrin payının 30 faizə çatdırılması hədəflənir. Bununla yanaşı, elektrikli nəqliyyat vasitələrinin təşviqi, şəhər infrastrukturunda enerji səmərəliliyi tədbirləri və “yaşıl” maliyyə alətlərinin tətbiqi gündəmdədir.
İqtisadiyyatın səmərəliliyinin artırılması baxımından dövlət müəssisələrinin restrukturizasiyası prioritet məsələdir. Azərbaycan İnvestisiya Holdinqinin yaradılması bu sahədə mühüm institusional addımdır. Holdinqə daxil olan müəssisələrdə korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflıq və hesabatlılıq prinsiplərinin gücləndirilməsi sayəsində maliyyə intizamı yüksəlir.
Dövlət mülkiyyətində olan müəssisələrin kommersiyalaşdırılması və bir qisminin özəlləşdirilməyə hazırlanması həm dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək, həm də rəqabətli iqtisadi mühitin formalaşmasına xidmət edəcək.
Rəqəmsal hökumət və ictimai xidmətlərin avtomatlaşdırılması sahəsində atılan addımlar dövlət idarəetməsinin səmərəliliyini artırır. “ASAN xidmət” və “myGov” kimi platformalar vasitəsilə vətəndaş-məmur təmasını minimuma endirən yanaşmalar korrupsiyaya qarşı mübarizədə səmərəli vasitəyə çevrilib.
İctimai maliyyə sistemində rəqəmsallaşma, o cümlədən e-büdcə və xərclərin izlənməsi sistemləri dövlət vəsaitlərinin daha şəffaf və məqsədyönlü istifadə olunmasına şərait yaradır.
Kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə resurslarına çıxış imkanlarının artırılması da əsas hədəflərdəndir. Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi və digər qurumlar tərəfindən subsidiyalı kreditlər, zəmanət mexanizmləri və texniki dəstək vasitələri tətbiq olunur.
Bununla yanaşı, kapital bazarlarının inkişafı və “yaşıl” istiqraz kimi yeni maliyyə alətlərinin təşviqi sahibkarların alternativ maliyyələşmə imkanlarını genişləndirir. Bank sektorunda isə risk əsaslı yanaşmaların tətbiqi və kreditlərin qiymətləndirilməsində şəffaflığın artırılması maliyyə inklüzivliyini gücləndirir.
Azərbaycan iqtisadiyyatının mövcud transformasiya mərhələsi kompleks və çoxşaxəli islahatlarla müşayiət olunur. BVF ilə əməkdaşlıq bu prosesdə beynəlxalq təcrübənin tətbiqini gerçəkləşdirir. İqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” inkişaf, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi ölkənin orta və uzunmüddətli inkişafının təminatçısı kimi çıxış edir. Bu yanaşmalar Azərbaycana dayanıqlı və inklüziv iqtisadi model qurmaq imkanı verir.
Yeri gəlmişkən, BVF Azərbaycandakı missiyasının rəhbəri Anna Rouz Bordon ölkə mediasına müsahibəsində 2023-cü ildəki yavaşlamadan sonra Azərbaycanın real ÜDM-inin 2024-cü ildə 1,4 faizdən 4,1 faizə qədər artdığını bildirib. O, bu artımın əsasən qeyri-neft sektorunun fəal inkişafı hesabına təmin olunduğunu, ötən ilin ikinci yarısınd inflyasiyanın artmağa başladığını, bunun isə tənzimlənən qiymətlərin düzəldilməsindən irəli gəldiyini və nəhayət, ilin sonuna 4,9 faizə çatdığını vurğulayıb. A.R.Bordon orta müddətli dövrdə iqtisadi artımın potensial imkanlara uyğun olaraq, təxminən, 2,5 faiz səviyyəsində olacağının gözlənildiyini də diqqətə çatdırıb. Eyni zamanda, BVF dünya bazarlarında ərzaq və enerji qiymətlərinin sabit qalacağı təqdirdə inflyasiyanən Azərbaycan Mərkəzi Bankının 4±2 faiz hədəf intervalında qalacağını proqnozlaşdırıb.
Missiya rəhbəri BVF ilə Azərbaycan arasında əməkdaşlığın əsas prioritet istiqamətlərinə də toxunaraq IV maddə, SMP və ya EFF çərçivəsində yeni əməkdaşlıq və ya monitorinq proqramı barədə də fikirlərini diqqətə çatdırıb: “Bu ilin mart ayında BVF IV maddə üzrə məsləhətləşmə missiyasını yekunlaşdırıb. Bu məsləhətləşmələr zamanı fiskal konsolidasiya zərurəti, pul-kredit siyasətinin təkmilləşdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi, davamlı artımın təmin edilməsi məqsədilə struktur islahatlarının aparılması xüsusi vurğulanıb.
Məsləhətləşmə missiyasından əlavə, BVF Azərbaycan hakimiyyətinə daimi əsasda texniki yardım göstərir. Bu dəstək dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinin artırılması, gəlirlərin idarə olunmasının təkmilləşdirilməsi, pul-kredit siyasəti çərçivəsinin gücləndirilməsi və maliyyə sektorunun dayanıqlılığının artırılmasını əhatə edir. Xüsusilə qeyd olunur ki, Azərbaycan BVF-nin kredit proqramına ehtiyac duymur, çünki ölkənin kifayət qədər maliyyə ehtiyatları mövcuddur”.
“BVF üçün Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşdırılması nə dərəcədə vacibdir və siz hansı konkret təşəbbüsləri dəstəkləyirsiniz?” sualına cavabında isə A.R.Bordon rəqəmsallaşdırmanın institusional bazanın möhkəmləndirilməsi üçün əsas alət hesab olunduğunu, bu maliyyə qurumunun vergi inzibatçılığı və dövlət satınalmaları kimi sahələrdə rəqəmsal həllərin genişləndirilməsini tövsiyə etdiyini, eyni zamanda, bunun təsadüfi olmadığını, fiskal şəffaflığın artırılmasını şərtləndirdiyini vurğulayıb. Eyni zamanda, mütəxəssis açıq bankçılıq və fintex təşəbbüsləri kimi rəqəmsal maliyyə xidmətlərinin inkişafını da vacib istiqamət kimi qiymətləndirib.