“Odlar yurdu”nun qazı Ukraynada da alovlanacaq

post-img

Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb. Bu barədə “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bolqarıstan – Rumıniya – Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir. “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, – deyə “Naftoqaz”ın idarə heyətinin sədri Sergey Koretski bildirib.

“Naftoqaz” rəhbəri, həmçinin razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə, eləcə də Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə təşəkkürünü bildirib.

 

İqtisadiyyat