Məşğulluq monitorinqinin yekunu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üzrə Tədbirlər Planı”nın icrasının 2024-cü il üzrə monitorinq nəticələri müzakirə edilib.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı məşğulluğun təminatının dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində önəmli rolunu vurğulayıb. Strategiya çərçivəsində müəyyən edilmiş əsas hədəf göstəricilərin ölkədə əmək məhsuldarlığının yüksəldilməsinə, müasir və rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına xidmət etdiyini vurğulayıb. Müasir texnoloji transformasiyalar, demoqrafik dəyişikliklər və süni intellektin əmək bazarının strukturuna təsirini qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Məşğulluq Strategiyasına uyğun olaraq, nazirliyin xidmətlərinin elektronlaşdırılması sahəsində son illər geniş proqramın icra olunduğunu, əmək və məşğulluq sahəsində də rəqəmsal xidmətlərin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün önəmini qeyd edib. Strategiya çərçivəsində sosial rifahın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkədə əmək bazarının dayanıqlılığını və inklüzivliyini təmin etmək məqsədi daşıdığını bildirib.
Daha sonra İİTKM-in iqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov strategiyanın həyata keçirilməsinə dair 2020–2025-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələr, müzakirəsi vacib məsələlər diqqətə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi və Elm və Təhsil nazirliklərinin məsul şəxsləri təqdimatdan sonra müzakirəyə çıxarılan məsələlərlə bağlı icrası davam edən və görüləcək tədbirlər barədə məlumat veriblər.
Himayədar ailələrlə görüş
Sosial Xidmətlər Agentliyi himayədar valideynlər və valideyn himayəsindən məhrum uşaqlarla görüş keçirib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə iştirakçılarla “Himayədar ailə” qayğı modeli ilə bağlı fikir mübadiləsi aparılıb.
Uşaqlarla davranış qaydaları, onların sosial reabilitasiyası və ailə himayəsində böyüməsinin üstünlüklərindən bəhs olunub. Ümumilikdə 14 himayədar ailənin iştirak etdiyi görüşdə qonaqların təklifləri dinlənilib. Onlara DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar verilib. Mərkəzin təlimçiləri tərəfindən qonaqlar üçün dulusçuluq, floristika, xalçaçılıq, muncuqla toxuma və bədii tikmə istiqamətləri üzrə ustad dərsləri də keçirilib.
Sonda onlara agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış simvolik hədiyyələr təqdim edilib.
Agentlikdən bildiriblər ki, himayədar ailə institutu ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı himayədar ailə fəlsəfəsini təbliğ edən poster və videoçarxlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin dəstəyi ilə smart tipli dayanacaq məntəqələrində və nəqliyyat mübadilə mərkəzlərində nümayiş olunur.
Bərpa xidmətləri çoxalır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel aylarında əlilliyi olan 40,1 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
Onlardan 21 min 800-nə ambulator, 9 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə bərpa xidmətləri göstərilib.
Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun bərpa üsulları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) da tətbiq edilir. Ehtiyac yarandıqda stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da bərpa xidmətləri göstərilir.
Zərifə BƏŞİRQIZI
XQ