Dünən Bakıda Atatürk Mərkəzində Azərbaycan və Türkiyə rəssamlarının sərgi-toplantısı keçirilib. Azərbaycanın 10-a yaxın və Türkiyənin 20-dən çox rəssamının sənət əsəri sərgilənib.
Toplantı Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan və Orta Asiya təmsilçisi, rəssam Nəvai Metin bildirdi ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin inkişafında böyük rol oynayır:
– Biz belə toplantıları tez-tez keçiririk. Son 2 ayda bu, 3-cü analoji tədbirimizdir. Əsas məqsədimiz dünya rəssamlarını bir-birinə yaxınlaşdırmaq, dostluq-qardaşlıq münasibətləri yaratmaqdır. Təsadüfi deyil ki, mənim dünyada yayılmış layihəmin də adı “Dünyanı sənət xilas edəcək”dir. Dünya bizim evimizdir və dünya rəssamları evimizin abadlaşmasına öz töhfələrini verməlidirlər.
“Basma Fistan Giyerim”in sədri, rəssam Günay Aral dedi ki, sənət insanları birləşdirir, dünyanın fərqli ölkələrində yaşayan adamları doğmalaşdırır:
– Nəvai Metinlə bu sərgini uğurla təşkil edə bildik. Özümüzü Azərbaycanda doğma evimizdəki kimi hiss edirik. Buradakı insanlar sayğılıdır, istiqanlıdır. Dünən Şəhidlər xiyabanını ziyarət etdik. Dilimiz, dinimiz birdir, eyni millətik. Toplantıda İstanbul, İzmir, Kıbrıs kimi fərqli bölgələrdən rəsaamlar iştirak edir. Onların bəziləri Bakıya ilk dəfə gəliblər və Azərbaycan haqqında çox müsbət fikirdədirlər.
Rəssam Nejat Orhan qeyd etdi ki, belə sərgilərə həvəslə qatılır:
– 45 ildir rəssamam. Ankarada Qazi liseyində 41 il rəsm müəllimi işləmişəm. Bakıya ilk gəlişimdir və bu şəhər düşündüyümdən də gözəlmiş.
Safiye Erdurakın da təəssüratları zəngindir:
– Rəssam müşahidə edən, sirli, sehrli təsvirlər yaradan insandır. Bakı özü də sanki sehirli bir məkandır. Şəhərdəki qədim memarlıq binaları sənətin özüdür. Azərbaycan öz mədəniyyətinə sahib çıxan, qonaqpərvər insanları olan və səliqəliliyi ilə seçilən ölkə olaraq yadımda qalacaq.
Arif Albayrak bildirdi ki, Bakıya 4-cü gəlişi olsa da, hər dəfə yeniliklər kəşf edir:
– Azərbaycanda musiqi kimi, rəsm də çox inkişaf edir. Buranın rəssamlarının yaradıcılığı, istedadı xüsusilə seçilir.
Rizvan FİKRƏTOĞLU
XQ