"Rusiya-Azərbaycan" biznes dialoqu keçirilib

post-img

Sankt-Peterburqda təşkil edilən "Rusiya-Azərbaycan" biznes dialoqunda iki ölkənin iqtisadi əməkdaşlığının və biznes dairələri arasında əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2025) çərçivəsində "Rusiya-Azərbaycan" biznes dialoqu keçirilib. Tədbirdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının dərinləşdirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev "Rusiya-Azərbaycan" biznes dialoqunun ikitərəfli əməkdaşlığın perspektivlərinin əsaslı müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin inkişafı və əməkdaşlığın yeni formalarının müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla iqtisadi əlaqələrin strateji xarakter daşıdığını bildirib, ticarət dövriyyəsinin artmasının və investisiya əməkdaşlığının genişlənməsinin iki ölkə arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsinə təkan verdiyini qeyd edib.

Tədbirdə həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Emin Ağalarov, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov və "Absolut Bank”ın Direktorlar Şurasının sədri Azər Talıbov iki ölkə arasında biznes və investisiya əməkdaşlığı, iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı çıxış ediblər.

İqtisadiyyat