İyun ayının 21-də “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsi çərçivəsində Ali Məhkəmənin hakimləri ilə Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində baş tutan görüşdə Məhkəmə sədrinin müavini Müşfiq Həsənov, kommersiya kollegiyasının sədri Səxavət Bəylərli və cinayət kollegiyasının hakimi Vüqar Quliyev inzibati, mülki, kommersiya və cinayət icraatları üzrə məhkəmə praktikasında rast gəlinən təcrübələri tələbələrlə bölüşüblər.
Diskussiya mühitində baş tutan görüşdə tələbələrin ünvanlandığı suallar hakimlər tərəfindən cavablandırılıb.
Daha sonra, tələbələrin iştirakı ilə “Konstitusiya və Gənclər: Hüquqlarımızı Bilirikmi?” mövzusunda panel müzakirə keçirilib. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan Zeynəbxanım Əhmədovanın moderatorluğu ilə baş tutan paneldə həmin fakültənin tələbələri Aysu Calalova və Gültəkin Mehdizadə mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, may ayının 6-da öz işinə başlamış “Konstitusiya Marafonu” layihəsi çərçivəsində tələbələrin iştirakı ilə “Konstitusiya Olimpiadası” və məhkəmə simulyasiyası keçirilib.
Layihənin məqsədi tələbələrə konstitusion dəyərlərin aşılanması ilə yanaşı onların hüquqi biliklərinin möhkəmləndirilməsi, tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqların inkişaf etdirilməsidir.