Bu məsələ önəmli milli prioritetdir
Müstəqillik illərində respublikamızın beynəlxalq aləmə inteqrasiyası, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırıb, iqtisadi potensialını gücləndirib. Bütün bunlar isə əhalinin rifahının daha da yüksəlməsini şərtləndirib. Nəticədə, Azərbaycan yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu təşəbbüsü gerçəkləşdirən 18 ölkədən biri olub, “orta insan inkişafı” statusuna malik dövlətlər qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasında yer alıb.
Respublikamız bütün bu uğurlara əsaslanaraq və BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Ötən illər ərzində DİM-in icrası ölkəmizdə uğurla davam etdirilib, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda isə ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib, növbəti hesabatın isə bu il təqdim olunması nəzərdə tutulub.
Hazırda Minilliyin İnkişaf Məqsədlərinin uğurlu icrası nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, İnsan İnkişafı İndeksində isə göstəriciləri 30 faiz artıb.
İqtisadiyyat Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisinin ofisinin birgə təşkilatçılığı ilə keçirilən DİM-ə həsr olunan 6-cı xüsusi sessiyada yuxarıda vurğulanan məsələlər barədə ətraflı danışılıb. Eyni zamanda, dayanıqlı inkişafa nail olunmasında insan kapitalının inkişafı, daim öyrənmə və müasir bacarıqlara yiyələnmənin rolu, eləcə də bu istiqamətlərdə görülən işlər müzakirə olunub.
Toplantıda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov BMT ilə səmərəli əməkdaşlığı vurğulayıb, Azərbaycanın regionda və Müstəqil Dövlətlər Birliyi məkanında BMT-yə 4 Könüllü Milli Hesabat təqdim edən yeganə ölkə olduğunu bildirib. Xatırladılıb ki, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2025-ci il üzrə Könüllü Milli Hesabatlar nəşrində ölkəmizdə DİM-lərin icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə edilib.
Sessiyada ölkəmizin 2030-cu ilədək 5 milli prioritetindən biri olan və DİM-lərlə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində daim öyrənmənin, müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasının rolu vurğulanıb. Rəqabətqabiliyyətli insan resurslarının formalaşdırılmasında müasir dövrün tələblərinə uyğun təhsilin önəmi qeyd edilib.
Bu gün dünya qarşısında duran çağırışlar – iqlim dəyişmələri, sürətli texnoloji transformasiyalar yalnız texniki biliklərlə kifayətlənməyi deyil, yeni bacarıqlara sahib olmağı zəruri sayır. Tənqidi düşüncə, yaradıcılıq, komanda işi kimi bacarıqlar müasir dövrdə əsas ixtisaslar qədər önəm daşıyır. Sessiyada Azərbaycanda insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, peşəkar kadrlar bankının yaradılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.
İnsan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə “4Sİ (Dördüncü Sənaye İnqilabı) Akademiyası” təşkil edildiyi, layihədən minlərlə vətəndaşın faydalandığı diqqətə çatdırılıb. Ölkəmizdə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaq üçün “4Sİ Akademiyası” çərçivəsində başlayan milli proqram layihəsinin icrası diqqətdə saxlanılıb.
Bu il aprel ayından başlayan layihə çərçivəsində bir il ərzində on minlərlə vətəndaşa 300-dən çox universitet və onlarla aparıcı texnologiya şirkətinin təqdim etdiyi 8 mindən çox təlimdən ödənişsiz yararlanmaq imkanı yaradılıb. BMT-nin respublikamızdakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın DİM məqsədlərinə çatmaq istiqamətində gördüyü işləri təqdir edib, davamlı inkişaf üçün daim öyrənmənin əhəmiyyətinə dair fikirlərini bölüşüb.
“McKinsey & Company” şirkətinin nümayəndəsi Gözde Kızılırmak qlobal tendensiyalar və daim təhsilin iqtisadi inkişafda əhəmiyyəti barədə danışıb. Beynəlxalq Əmək Təşkilatının eksperti Özge Berber-Agtaş və ADA Universitetinin dosenti Anar Vəliyev təqdimatlarla çıxış edərək inklüziv məşğulluq siyasətləri və müasir bacarıqların formalaşmasına təsir göstərən qlobal trendlər barədə məlumat veriblər.
Toplantı interaktiv müzakirələrlə davam etdirilib, daim təhsilin iqtisadi artımda və rəqabətqabiliyyətli insan kapitalının inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, indiyədək 5 “DİM Dialoqu” təşkil olunub. Dialoqlar çərçivəsində hökumət nümayəndələri, BMT təmsilçiləri, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrin ekspertləri arasında bir sıra aktual mövzular üzrə müzakirələr aparılıb.
Yeri gəlmişkən, DİM-in respublikamızda indiyədək keçirilən toplantılarında Azərbaycanın 30 il ərzində erməni işğalında qalan ərazilərinin azad edildiyi və 1 milyona yaxın qaçqının qayıtması üçün böyük quruculuq işlərinin həyata keçirildiyi və bu istiqamətdə reallaşdırılan bərpa-quruculuq layihələrinin DİM-ə uyğun şəkildə aparıldığı bildirilib. Bu fikrin təsdiqi olaraq vurğulayaq ki, qlobal proseslər nəzərə alınaraq azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı” kənd salınıb, bu regionun enerji təminatı əsasən, “yaşıl” enerji istehsalı hesabına ödənilib.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən irəli sürülərək həyata keçirilən 40 təşəbbüs DİM layihəsinə uyğunlaşdırılıb və beynəlxalq əhəmiyyət daşıması baxımından yüksək dəyərləndirilib. Bundan başqa 2022–2026-cı illər üzrə “Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda 4 əsas sahəyə (“yaşıl” enerji, qida, infrastruktur və ekologiya) investisiya qoyulması nəzərdə tutulub.
Hazırda ölkəmizdə icrası diqqətdə saxlanılan layihələrdən biri “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlıdır. Azərbaycanın regionda ilk dəfə BMT-nin forumuna təqdim etdiyi 3 könüllü milli hesabatda “yaşıl artım”a nail olunması ilə bağlı öhdəlik götürməsi də bu məqsədin prioritetliyindən irəli gəlir.
Azərbaycanın “yaşıl” iqtisadiyyata önəm verməsi, eyni zamanda, respublikamızın bununla əlaqədar Paris sazişinə qoşulması ilə bağlıdır. Qeyd edək ki, həmin sənədə əsasən, baza ili 1990-cı il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması əsas məqsəd kimi qarşıya qoyulub və artıq bu öhdəlik 40 faizə çatdırılıb.
Xatırladaq ki, 2050-ci ilə qədər xalis “sıfır emissiya”ya çatmaq üçün 2030-cu ilə qədər bərpaolunan enerji, texnologiya və infrastruktura ildə 4–6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.
Dayanıqlı İnkişaf Məqsədləri sırasında təhlükəli tullantıların saxlanılması və utilizasiyası, o cümlədən neft qalıqlarının təmizlənməsi də xüsusi yer tutur. Təhlükəli tullantıların idarə edilməsi, təmizlənməsi və saxlanılması xidmətlərini reallaşdıran müəssisələrin tikintisi və istismarı, o cümlədən neft qalıqlarının təmizlənməsi, burada yığılmış neft məhsulunun qalıqlarının müvafiq neft qalıqları təchizatçısına qaytarılması, yaxud bərk tullantı yanacağa çevrilməsi imkanları var.
İqtisadiyyat Nazirliyi tərəfindən artıq bu istiqamətdə fəaliyyətə başlanılıb. Bununla bağlı BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsində müştərək proqramın icrasına üstünlük verib. Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiqi məqsədilə hesabatlar hazırlanıb.