Ölkədə taxıl biçini mütəşəkkil və itkisiz davam edir
Azərbaycanda taxıl biçininin qızğın çağıdır. Ölkədə bolluğa zəmin yaradan fermerlər və fərdi təsərrüfat sahibləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün imkanları səfərbər ediblər. Kənd Təsərrüfatı Nazirliyində biçinin mütəşəkkil təşkilinə dair yaradılmış Operativ Qərargahın məlumatına görə, ölkə üzrə payızlıq əkin sahələrinin 35,6 faizində biçin başa çatıb.
Bunun da nəticəsində sahələrdən 1 milyon 875 min tondan çox məhsul yığılıb. Mövsümün əvvəllindən buğda sahələrinin 13,2 faizi, arpa sahələrinin isə 62,1 faizi biçilib. Hazırda taxıl sahələrinin orta məhsuldarlığı buğda üzrə 35,3 faiz, arpa üzrə isə 32,2 faiz təşkil edir. Biçin prosesinə 1604 kombayn cəlb olunub. Bunlardan 598-i “Aqroservis” ASC-nin, 1006-sı isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. Hazırda ən çox kombayn Cəlilabad, Şəki, Ağsu və Kürdəmir rayonlarının təsərrüfatlarında çalışır.
Məlumatda qeyd olunur ki, 2024-2025-ci təsərrüfat ilində əkilmiş 426 min 623 hektar arpa sahəsinin 264 min 861 hektarı biçilib, sahələrdən 852 min 176 ton arpa yığılıb. Artıq Neftçala, Lənkəran, Salyan, Yevlax, Bərdə rayonlarında arpa biçini tam yekunlaşıb. Ağdam, Ağdaş, Cəlilabad, Füzuli, Naftalan, Hacıqabul, Masallı, Saatlı, Sabirabad, Şuşa, Tərtər, Ucar və Zərdabda arpa biçini göstəricisi 90 faizdən çoxdur. Ümumilikdə isə, hazırda ölkəmizin 51 rayonunda biçin aparılır. Biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə taxıl biçininin həlledici mərhələyə qədəm qoyduğunu, əksər rayonlarda prosesin sürətlə davam etdiyini bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də dayanıqlı inkişaf edir. S.Hacıyev diqqətə çatdırıb ki, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.
Agentlik sədri, həmçinin biçinin mütəşəkkil şəkildə, itkisiz başa çatdırılması üçün tədbirlər planı hazırlandığını, taxılın vaxtında və itkisiz yığılması istiqamətində koordinasiya olunmuş fəaliyyət mühüm əhəmiyyət kəsb etdiyini deyib.