“Bakı KOB evi”ndə təhlükəsizlik təlimi

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Maşın və avadanlıqların təhlükəsizliyi haqqında”, “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə dair tələblər haqqında”, “Yüngül sənaye məhsullarının təhlükəsizliyi haqqında” və “Mebel məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Təlim xarakterli müzakiələrdə yeni texniki reqlamentlərin mahiyyəti, onların istehlakçı təhlükəsizliyinin təmin olunmasında rolu və tətbiqinin bazar iştirakçıları üçün yaradacağı üstünlüklər barədə ətraflı məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxışlarında yeni texniki reqlament layihələrinin daxili bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsinin təmin edilməsi, istehlakçı maraqlarının qorunması, eləcə də biznes subyektləri üçün rəqabətədavamlı mühitin gücləndirilməsi baxımından üstünlüklərindən bəhs ediblər. Bununla yanaşı, sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.

Tədbir çərçivəsində texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş olunub. Görüşün sonunda keçirilən sual-cavab sessiyası fəal müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakı, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirəcək.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 33 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə agentliyin rəsmi internet səhifəsində ictimai dinləmə və müzakirəyə çıxarılıb.

 

İqtisadiyyat