“Öyrənmək üçün oyna” layihəsinin düşərgə mərhələsi yekunlaşıb

post-img

Elm və Təhsil Nazirliyinin dəstəyi, İRƏLİ İctimai Birliyinin təşkilatçılığı, Təhsil İnstitutu və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə “Öyrənmək üçün oyna” adlı layihə çərçivəsində düşərgə keçirilib.

XQ xəbər verir ki, Lənkəranda təşkil olunan düşərgədə ölkəmizin 12 müxtəlif regionundan 25 multiplayer iştirak edib. Beşgünlük düşərgə çərçivəsində iştirakçılar müxtəlif peşəkar təlimçilərin təqdimatında "Oyunun psixologiyası və öyrənmənin təbiəti", "Oyun dinamikası və idarəetmə", "Öyrənmək üçün oxu”, “Şagirdlərin fənn üzrə leksikasını inkişaf etdirən oyunlar”, “Fənlər üzrə oxuyub-anlama bacarıqlarını inkişaf etdirəcək oyunların tətbiqi metodları”, “Rəqəmsal oyunlaşdırma alətləri” kimi mövzularda təlimlərdə iştirak ediblər.

Layihə oyun əsaslı öyrənmə metodları ilə təhsilverənləri gücləndirmək, şagirdləri dərs prosesinə aktiv şəkildə cəlb etmək və bununla da oxuma-anlama səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, Azərbaycan dili, ədəbiyyat, ingilis dili, tarix və liderlik istiqamətlərini əhatə edən layihə mərhələli şəkildə həyata keçirilir. Təlimlər proqramı başa çatdıqdan sonra müəllimlər tərəfindən məktəblərdə 200–400 şagirdin “Play to Learn” dərsləri və “Öyrənmək üçün oyna/ Liderlik üçün oyna” klublarına cəlb edilməsi planlaşdırılıb.

Nəticələrə əsasən, yeni dövrdə layihənin müxtəlif məktəblərdə tətbiqi nəzərdə tutulur.

Elm