Azərbaycan Avrasiyanın enerji habına çevrilir

post-img

İtaliyanın “CESI S.p.A.” şirkəti beynəlxalq müsabiqənin nəticələrinə əsasən “Green Corridor Alliance” MMC-nin təşəbbüsü olan Mərkəzi Asiya–Azərbaycan Transxəzər Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilk mərhələsini həyata keçirəcək. Xatırladaq ki, Asiya İnkişaf Bankı (ADB) bu mərhələ üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün beynəlxalq məsləhətçi seçimi məqsədilə tender elan etmişdi.

Nəticədə, yüksəkixtisaslı texniki ekspertiza təcrübəsinə malik “CESI S.p.A.” qalib olmuşdu. Layihənin maliyyələşdirilməsi ADB ilə yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən paritet əsasda həyata keçiriləcək. ADB satınalma prosesini idarə edir, xidmət təchizatçısı müəyyən olunduqdan sonra isə AİİB seçilmiş tərəfdaşla birbaşa müqavilə bağlayacaq. Energetika naziri Pərviz Şahbazov sentyabrın 22-də I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Transxəzər Yaşıl Enerji Dəhlizinin ilkin mərhələsi üçün texniki-iqtisadi əsaslandırma məsələsini dilə gətirmişdi. Nazirin sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan birgə “yaşıl enerji” platforması yaratmaq üçün yanaşmalarını yeniləyiblər.

Transxəzər Yaşıl Enerji Dəhlizinin detallarına gəldikdə isə, təşəbbüs dayanıqlı enerji əməkdaşlığının inkişafına, region ölkələrinin enerji sistemlərinin inteqrasiyasına və genişmiqyaslı bərpaolunan enerji ixracına zəmin yaradır. Layihənin uğurla gerçəkləşməsi Azərbaycanın strateji enerji layihələri portfelinə yeni nəfəs gətirəcək.

Xüsusi vurğulanmalıdır ki, 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 tədbirində Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı. Bu sənəd üç ölkənin enerji sistemlərinin birləşdirilərək Mərkəzi Asiya ölkələrinin bərpa olunan elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Avropaya nəqlini təmin edən “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin əsasını qoydu. COP29 razılaşması çərçivəsində Bakıdakı görüşdə “Green Corridor Alliance” MMC adlı birgə müəssisənin yaradıldığı elan edildi. Bu şirkət Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli energetika şirkətlərini bir araya gətirərək regionun enerji təhlükəsizliyini gücləndirəcək və “yaşıl enerji”nin Azərbaycandan Avropaya ixracını təşkil edəcək.

Bu cür çoxpilləli infrastruktur layihəsi region ölkələrinin uzunmüddətli əməkdaşlığını gücləndirəcək. Misal üçün, ADB və AİİB-in razılaşdırdığı çərçivə sazişi 2025-ci ilin aprelində imzalanıb və burada üçtərəfli TİƏ hazırlığı üçün əsaslı öhdəliklər götürülüb. Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən yeni enerji nəqli marşrutunun ilkin hüquqi bazasını formalaşdırır.

Layihə Avropa İttifaqı üçün yeni “yaşıl” elektrik təchizatçısı olacaq. Bu, Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmağa xidmət edəcək və Azərbaycana əlavə qaz ixracı üçün imkan açacaq. Lakin 1200 kilometrlik dənizaltı kabelin çəkilməsi milyardlarla avroluq sərmayə tələb edir. Təqribən layihənin ərsəyə gətirilməsi üçün 10 milyard avro tələb olunur. Buna baxmayaraq, layihə artıq regionda böyük investor marağı doğurub.

Məsələn, Özbəkistanda bərpaolunan enerji sektoruna 2023-cü ildə 1,2 milyard avro investisiya daxil olub və 2024-cü ilin sonuna qədər bu rəqəm 4,23 milyarda çatıb. Bu kimi yatırımlar Mərkəzi Asiya və Cənubi Qafqazı enerji çıxışı ilə təmin edərək regionun iqtisadi inkişafına təkan verir. Həmçinin, Avropa tərəfi də layihəni “yaşıl keçid” strategiyasına uyğun görülən böyük fürsət hesab edir və qarşılıqlı fayda perspektivləri görür.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Elman Sadıqov XQ-yə bildirdi ki, postpandemiya dövründə, yəni son 4–5 il ərzində dünya yeni bir mərhələyə qədəm qoyur:

– Bu mərhələ bir tərəfdən fərqli transformasiyaların sintezi, digər tərəfdən isə bu proseslərin bir-birini izlədiyi və tamamladığı dövrdür. Buraya 4-cü Sənaye İnqilabı, robotlaşma, son illərdə şahidi olduğumuz süni intellektin sürətli inkişafı, ənənəvi enerjidən alternativ enerji mənbələrinə keçid və bu fonda əmək bazarında baş verən ciddi dəyişikliklər daxildir. Hazırda əmək bazarında transformasiya gedir, bir sıra ölkələrdə struktur işsizliyi müşahidə olunur.

Bununla yanaşı, Elman Sadıqov bu dəyişikliklərin ortaq nöqtəsində dayanan əsas məsələni texnoloji inkişafla yanaşı, elektrik enerjisinə artan tələbatla əlaqələndirir:

– Robotlaşma, elektromobillərin sürətlə yayılması, süni intellekt və rəqəmsal texnologiyaların genişlənməsi nəticəsində enerji ehtiyacları ciddi şəkildə artır. Lakin bu artım təkcə iqtisadi yüksəliş deyil, eyni zamanda ekoloji tarazlıq üçün ciddi çağırışlar yaradır. İqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi məsələləri daha da aktuallaşır.

Məhz bu səbəbdən artan tələbatın alternativ və “yaşıl enerji” ilə qarşılanması zərurətə çevrilib. Hazırda Avropa ölkələri, həmçinin mərkəzi banklar və iri investisiya qurumları ənənəvi enerji layihələrinə vəsait ayırmaqdan imtina edir, diqqət alternativ enerji sektoruna yönəldilir. Bu tendensiya Avropanın gələcək enerji xəritəsini dəyişir. Avropa ölkələrində elektrik enerjisinə olan tələbat yüksəlir, lakin onu ödəmək imkanları məhduddur. Günəşli günlərin azlığı və əlverişsiz iqlim şəraiti bir çox ölkələrdə “yaşıl enerji” istehsalını çətinləşdirir. Şimal ölkələri əsasən külək enerjisinə ümid bağlayır. Lakin sənayeləşmə və texnoloji inkişaf bu mənbələrin də yetərli olmamasına səbəb ola bilər.

Ekspert onu da bildirib ki, hazırda Avropa üçün enerji təhlükəsizliyi anlayışı tədricən qaz və neftdən elektrik enerjisinə keçir. Bu dəyişiklik yaxın 5 ildə daha da sürətlənəcək və enerji təhlükəsizliyi dedikdə elektrik enerjisinə sabit çıxış nəzərdə tutulacaq:

– Bu mənzərədə Rusiya da nəzərə alınmalıdır. Geniş ərazisinə baxmayaraq, günəşli günlərin azlığı və əlverişli olmayan iqlim şəraiti səbəbindən alternativ enerji baxımından geniş potensiala malik deyil. Məhz bu səbəbdən dünyanın diqqəti Orta Asiya ölkələrinə və Azərbaycana yönəlib. Cənubda yerləşən bəzi ölkələrdə, məsələn, Afrikada və ərəb dövlətlərində günəş enerjisinin rentabelliyi yüksək deyil. Havanın həddindən artıq isti olması panellərin effektivliyinə mənfi təsir göstərir. Orta iqlim qurşağında yerləşən ölkələr isə bu baxımdan daha optimaldır. Orta Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstan “yaşıl enerji” istehsalında mühüm yer tutur. Qazaxıstan və Özbəkistanın günəş enerjisi potensialı yüksəkdir. Qazaxıstanda əlavə olaraq külək enerjisi imkanları da genişdir. Qırğızıstan isə əsasən su elektrik stansiyalarına əsaslanır. Əgər bu ölkələrdə istehsal olunan “yaşıl enerji” Azərbaycanın tranzit imkanları vasitəsilə Avropaya ötürülərsə, ölkəmiz “yaşıl enerji” sektorunda uzunmüddətli strateji rol qazanacaq.

Azərbaycan bu prosesdə kilid rol oynayır. Tranzit baxımından etibarlı və sabit ölkə kimi tanınır. Belə bir missiyanın həyata keçirilməsi, həmçinin ölkə daxilində “yaşıl enerji” layihələrinin genişlənməsinə səbəb olacaq. Nəticədə həm ixrac imkanları artacaq, həm də daxili istehsal güclənəcək. Bu isə öz növbəsində yeni gəlir mənbələrinin, iş yerlərinin və mütəxəssis hazırlığının formalaşmasını stimullaşdıracaq.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan bu prosesə yalnız enerji ixracatçısı kimi deyil, həm də yaşıl texnologiyalar istehsalçısı kimi qoşulmaq imkanı əldə edəcək. Günəş panelləri, külək turbinləri və digər enerji qurğularının istehsalı sahəsində də inkişaf üçün münbit şərait yaranacaq. Bu isə ölkənin enerji siyasətinin şaxələndirilməsinə və yeni iqtisadi fürsətlərin açılmasına şərait yaradacaq.

Layihə yekunda regionun enerji təhlükəsizliyini artırmaqla yanaşı, yeni sənaye imkanları və iş yerləri yaradacaq. Transxəzər Yaşıl Enerji Dəhlizi regionu qlobal yaşıl keçidin aparıcı mərkəzinə çevirəcək. ADB və AİİB kimi beynəlxalq institutların güclü dəstəyi, eləcə də region ölkələrinin strateji investisiyalara cəlb olunması bu məqsədlə perspektivli imkanlar açır. Layihənin uğuru Mərkəzi Asiya ilə Avropa arasında ixrac potensialının artırılması, enerji bazarlarının genişlənməsi və strateji rəqabət üstünlüklərinin formalaşması şəklində dəyərləndirilir.

Nurlan ABDALOV
XQ



İqtisadiyyat