9 ayda doğma yurda qayıdanlara 1700 yeni iş yeri yaradılıb
Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamında bildirilir ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bütün bunlar həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1700 yeni iş yeri yaradılıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yerləri yaradılmışdı.
Bu günlərdə işğaldan azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə biznesləri yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin məlumatına əsasən, bu dəfə Ağdam, Ağdərə, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Poliqrafiya xidmətləri” və “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti” zərfləri üzrə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 600-dək şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.
Yeri gəlmişkən, sözügedən qurum bu ilin avqust ayında yaydığı hesabatda bildirmişdi ki, həmin ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib. Onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində ən çox yeni iş yeri Xankəndi və Laçında yaradılıb. Cari ilin ilk 9 ayı ərzində Xankəndidə 516, Laçında isə 312 yeni iş yerləri yaradılıb. Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 170 yeni müəssisə və təşkilat, 2805 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib.
Qarabağ və Şərqi Zəngəzurda əhalinin işlə təmin olunmasında peşə hazırlığı da diqqət mərkəzindədir. 7 avqust 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qarabağ Peşə Hazırlığı Mərkəzi əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasında mühüm rol oynayır. Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb.
Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Burada işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə kursları təşkil edilir və kursu bitirənlərin işlə təmin olunmasına dəstək göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən 2024-cü ildə ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan iqtisadiyyatının dinamik və balanslı inkişafı dövlətin əsas prioritetlərindən biridir. Cənab Prezident tərəfindən müəyyən edilmiş strateji hədəflər çərçivəsində regionlarla paytaxt arasındakı fərqin minimuma endirilməsi xüsusi əhəmiyyət daşıyır. Son dövrlər bölgələrdə daha çox yeni iş yerlərinin açılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması hesabına sərmayə qoyuluşlarının artmasını müşahidə edirik.
Ölkə Prezidentinin vurğuladığı kimi, regionlarda əsas infrastruktur artıq formalaşıb və bu infrastrukturun yeni dəyər yaratması müasir çağırışlardan biridir. Hazırda mövcud infrastruktur həm yerli, həm də xarici sərmayədarların regionlara cəlb olunmasına geniş imkan yaradır. Növbəti dövrdə struktur islahatları və kadr potensialının gücləndirilməsi bölgələrə daha çox investisiya axınını təmin edəcək. Bu proses isə biznesin inkişafını stimullaşdıraraq, regionlarla paytaxt arasında sosial-iqtisadi fərqin azalmasına töhfə verəcək.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də yeni iş yerlərinin yaradılmasına ciddi təsir göstərir. Hazırda işğaldan azad olunmuş ərazilərdə 62 min Azərbaycan vətəndaşı yaşayır və çalışır. Gözləntilərə görə, növbəti ilin sonuna qədər bu rəqəm 150 minə çatacaq. Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycan üçün davamlı və balanslı iqtisadi inkişafın yeni hərəkətverici qüvvəsinə çevrilməkdədir.
Musa BAĞIRLI
XQ


