Azərbaycan Cənubi Qafqazın ən etibarlı investisiya məkanıdır

post-img

Azərbaycanın qlobal nəqliyyat dəhlizləri və tranzit qovşaqları baxımdan hab funksiyası daşıyıcısı olması dünya iqtisadiyyatının gündəminə çevrilib. Şimal-Cənub, Şərq-Qərb yükdaşımalarında ölkəmizin ən qənaətcil istiqamət olması bu mövhumu şərtləndirir. Bununla yanaşı, Orta Dəhliz layihəsində də aktivlik deyilənlərə əyani misaldır. Genişlənən yükdaşıma bazarları, artan həcm Azərbaycanın da əldə edəcəyi dividendləri bir o qədər çoxaldacaqdır.

Təsadüfi deyil ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 16 milyon 927,6 min ton təşkil edib. Qeyd edək ki, 2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 217,9 milyon ton olub. Yüklərin 7 faizi dəmir yolu ilə daşınıb.

Avrasiya İnkişaf Bankının 2030-cu il üçün proqnozu da məhz bundan xəbər verir. Qeyd olunur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımalar 11,4 milyon ton, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar isə 32 milyon ton səviyyəsində olacaq.

Məlumdur ki, son illər beynəlxalq nəqliyyat sistemində TBNM (Orta Dəhliz) və “Şimal–Cənub” marşrutlarının rolu sürətlə artmaqdadır. 2024-cü ilin nəticələrinə əsasən, Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 3,3 milyon tona yüksəlib, bu göstəricinin tərkibində 56,5 min TEU həcmində konteyner daşımaları yer alıb. Eyni dövrdə “Şimal–Cənub” nəqliyyat dəhlizi ilə yükdaşımaların ümumi həcmi, o cümlədən 50 min TEU konteyner olmaqla 20 milyon tonu ötüb.

Daşıma həcmlərinin artması dəmir yolu və avtomobil magistrallarının, limanların və logistika mərkəzlərinin genişləndirilməsini, anbar infrastrukturunun modernləşdirilməsini, eləcə də multimodal tranzitin səmərəliliyini artırmaq məqsədilə rəqəmsal texnologiyaların tətbiqini aktuallaşdırır. Bankın hesablamalarına görə, 2035-ci ilədək Mərkəzi Asiyada Avrasiya nəqliyyat karkasının formalaşdırılması üçün tələb olunan investisiya ehtiyacı 52 milyard ABŞ dollarını ötür.

Digər tərəfdən, Avrasiya məkanında nəqliyyat və logistika sahəsi investorlar üçün cəlbedici mövqeyini qorumaqda davam edir. Bu marağın artmasına Orta Dəhliz və “Şimal–Cənub” kimi əsas beynəlxalq nəqliyyat marşrutlarının intensiv inkişafı mühüm töhfə verir. Proqnozlara əsasən, 2025-ci ildə Transxəzər istiqaməti üzrə daşımaların həcmi 5,2 milyon tona çatacaq ki, bunun 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrin ərazisindən tranzit keçəcək. Ümumi yük həcminin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neft daşımalarının payına düşəcək.

Eyni zamanda, 2027-ci ilədək Orta Dəhlizin illik ötürücülük imkanlarının 10 milyon tona yüksələcəyi gözlənilir. Bu dinamika Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək, eyni zamanda, nəqliyyat və logistika infrastrukturuna əlavə investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaq.

Bankın bir digər məlumatında qeyd olunur ki, Azərbaycan Avrasiya regionu ölkələri arasında birbaşa xarici investisiyaların (BXİ) ən böyük 3 alıcısından biridir. 2025-ci ilin birinci yarısının sonuna ölkə iqtisadiyyatına cəlb edilmiş BXİ-nin həcmi 2016-cı illə müqayisədə 2,4 dəfə artaraq 5,439 milyard ABŞ dollarına çatıb. Digər tərəfdən, Azərbaycan şirkətləri də fəaliyyət coğrafiyasını genişləndirir. Belə ki, Özbəkistan və Qırğızıstanda həyata keçirilən layihələrə təxminən 80 milyon ABŞ dolları yönəldilib. Bundan əlavə, Gürcüstan iqtisadiyyatının əsas investorları arasında 2025-ci ilin birinci yarısının sonuna hər biri 1,2 milyard dollar investisiya toplamış Azərbaycan və Rusiya şirkətləri də yer alır.

Ümumiyyətlə, təkcə Avrasiya İnkişaf Bankı yox, bir sıra maliyyə qurumları və şəbəkələrin Cənubi Qafqaza artan marağı birbaşa Azərbaycanın iqtisadi üstünlüyü ilə bağlıdır. Burada təkcə yükdaşımalar məsələsi prioritet deyil. Enerji daşımaları, müxtəlif iqtisadi layihələr çərçivəsində daim Azərbaycana dəstək prinsipi özünü göstərir. Bu həm də ölkəmizin güvənli yatırım meyarı faktoruna söykənir. Təsadüfi deyil ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycanda “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi” proqramı (Green Economy Financing Facility - GEFF) üçün 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayrılmasını təsdiqləməsi də bunu göstərir.

Qeyd edək ki, sözügedən proqram yerli maliyyə institutları (PFI) vasitəsilə “yaşıl maliyyələşdirmə”ni dəstəkləməyə yönəlmiş 5 illik layihədir. Bankın yaydığı məlumata görə, ayrılan maliyyə vəsaiti enerji effektivliyi, bərpaolunan enerji mənbələri, resurslardan rasional istifadə və iqlimə davamlılıq istiqamətlərində layihələr reallaşdıran özəl sektor subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda “yaşıl maliyyə” alətlərinin tətbiqi baxımından pilot layihə rolunu oynayacaq və ölkənin dayanıqlı inkişaf modelinə keçidini stimullaşdıracaq.

Bank bildirir ki, proqramın əsas hədəfi yerli maliyyə institutlarının pərakəndə müştərilər, kiçik və orta sahibkarlıq subyektləri, eləcə də korporativ borcalanlar üçün ekolojiyönümlü kredit məhsullarını genişləndirməsinə dəstək verməkdir. Bu çərçivədə tərəfdaş banklar və mikromaliyyə təşkilatları həm maliyyə, həm də texniki yardım alacaq, institusional imkanların gücləndirilməsi və “yaşıl kreditləşmə”nin inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması prioritet kimi müəyyənləşdirilib. Eyni zamanda, qadın və kişilərin “yaşıl maliyyələşmə” imkanlarından bərabər şəkildə faydalanmasına xüsusi önəm veriləcək.

Layihə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29-dan sonra Azərbaycanda “yaşıl iqtisadiyyat”a artan maraq fonunda hazırlanıb. Proqram özəl sektorda “yaşıl texnologiyalar”ın və müvafiq xidmətlərin tətbiqini təşviq edəcək, eyni zamanda ölkənin maliyyə sistemində struktur dəyişikliklərinə təkan verəcək. GEFF mexanizmi çərçivəsində maliyyələşməni həyata keçirəcək əsas tərəfdaşlar “yaşıl kreditləşmə”nin inkişafına hazır olan banklar, mikromaliyyə və lizinq şirkətləri olacaq. Bu mexanizmdən son faydalananlar isə kiçik və orta sahibkarlıq subyektləri, iri korporativ müştərilər və ev təsərrüfatları hesab olunur.

Proqramın tərkib hissəsi kimi 3 milyon ABŞ dollarınadək (2,8 milyon avro) texniki yardım paketi nəzərdə tutulub. Bu paket layihənin idarə olunması, yeni maliyyə məhsullarının hazırlanması, marketinq fəaliyyəti və təlim proqramlarını əhatə edir. Bununla yanaşı, əldə edilən nəticələrə əsasən maliyyə vasitəçilərinin təşviqi məqsədilə 4 milyon ABŞ dollarınadək (3,4 milyon avro) güzəştli maliyyələşdirmə mexanizmi tətbiq ediləcək.

Ümumiyyətlə, 2022–2024-cü illərdə regionda ən iri maliyyə dəstəyini Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD – 1,4 milyard ABŞ dolları, 47 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (IFC – 426 milyon ABŞ dolları, 14 faiz) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB – 385 milyon ABŞ dolları, 13 faiz) təmin edib. Bu sərmayələrin əsas benefisiarları isə Özbəkistan (1,8 milyard ABŞ dolları), Azərbaycan (675 milyon ABŞ dolları) və Qazaxıstan (280 milyon ABŞ dolları) olub.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat