“Əsrin müqaviləsi”nin baş quruculuq meydanı

post-img

Ötən il gerçəkləşdirilən layihələrə 1 milyard 852 milyon dollar xərclənib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş – “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı bazadır. Təkcə onu qeyd etmək kifayətdir ki, bu tarixi saziş özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikasını regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevirib.

“bp-Azərbaycan” şirkətinin məlumatına əsasən, 2025-ci ildə “Əsrin müqaviləsi” çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. İl ərzində konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 564 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 288 milyon dollar xərclənib.

Yeri gəlmişkən, ötən il AÇG layihəsi üçün əlamətdar hadisələrlə yadda qalıb. Fevralın 18-də “Mərkəzi Azəri” platformasından ilk neftin əldə edilməsinin 20 ili tamam olub. Xatırladaq ki, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına başlanması üçün imkan yaratmış həmin platformadan indiyədək, ümumilikdə, 1,2 milyard barel (157 milyon ton) neft hasil edilib. Bu nəticə ilə “Mərkəzi Azəri” AÇG platformaları arasında ən yüksək hasilat göstəricisinə malikdir. Dekabrın 30-da isə “Qərbi Azəri” platformasının 20 yaşı tamam olub. Həmin platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

2025-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda aparılan 4 ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində əvvəlki ildə əldə olunmuş məlumatların emalı uğurla tamamlanıb, növbəti il üçün məlumatların toplanması işləri başa çatdırılıb. Bundan əlavə, müqavilə sahəsinin “Dərinsulu Günəşli” ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlanıb.

Həmin işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə texnologiyası tətbiq olunur. “Blue Ocean” dikborusuz müdaxilə sistemi kimi tanınan bu texnologiya “Oceaneering International” şirkətinin sualtı mexaniki zəncir vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək, yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən–gəmidən icra olunan müdaxilə üsulundan istifadə edir. Bunun üçün dikborusuz yüngül müdaxilə sistemi “Xankəndi” sualtı tikinti gəmisi üzərinə inteqrasiya edilib və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunur. Bu proqram çərçivəsində dəniz əməliyyatlarının cari ilin sonunadək bitəcəyi gözlənilir.

bp şirkətinin illik hesabatına əsasən, 2025-ci ildə AÇG-dən sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Ötən il 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 330 min barel və ya ümumilikdə, təxminən, 120 milyon barel, yəni 16 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 21 min bareli “Çıraq”, 90 min bareli “Mərkəzi Azəri”, 76 min bareli “Qərbi Azəri”, 43 min bareli “Şərqi Azəri”, 51 min bareli “Dərinsulu Günəşli”, 24 min bareli “Qərbi Çıraq” və 25 min bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb. İl ərzində AÇG-də ümumilikdə, 147 hasilat, 49 su və 10 qaz injektor quyusu istismarda olub.

Xatırladaq ki, “Əsrin müqaviləsi”nə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Ötən il Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə, 2,7 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə lay təzyiqini sabit saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. İl ərzində müqavilə sahəsində 10 neft hasilatı, 5 su və 1 qaz injektor quyusu, eləcə də şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanaraq istismara daxil edilib.

AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə sərbəst təbii qazla bağlı yeni əlavənin imzalanmasından sonra planlaşdırılmış ilkin hasilat quyusunun qazılması başa çatdırılıb. “Qərbi Çıraq” platformasından təhlükəsiz şəkildə qazılmış həmin quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir. Çünki buradan əldə edilən məlumatlar AÇG-dəki sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına imkan yaradacaq.

Bununla yanaşı, 2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet sərbəst təbii qaz layına–daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı lay dəstlərinə çıxış təmin edilib. Quyu ilk sərbəst təbii qaz hasilatı üçün əsas hədəf lay sayılan Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. Bu laydan hasilata isə cari ilin ikinci yarısında başlanması planlaşdırılır.

Eyni zamanda, Qırmakıaltı lay dəstində də yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilib və cari ilin birinci yarısında bu laydan hasilata başlanması nəzərdə tutulur. Lakin bu, sınaq məqsədilə aparılacaq qısamüddətli hasilat kimi nəzərdə tutulduğundan ilin ikinci yarısından başlayaraq daha dayazda yerləşən Qırmakıüstü Qumlu layından hasilata keçiləcək.

Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2025-ci ildə də fəaliyyətini uğurla davam etdirib. “bp-Azərbaycan” şirkətinin ilin yekunlarına dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 131 milyon dollar, əsaslı məsrəflərinə isə 98 milyon dollar xərclənib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 283 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2025-ci ilin sonunadək 619 milyon tondan çox (4,7 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın ölkədə hasil edilmiş digər həcmləri) də nəql olunur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat