Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması bu gün dövlət siyasətinin ən vacib prioritetlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin aprel ayında Hacıqabul rayonunda yerləşən Aqroparkın fəaliyyəti ilə tanış olarkən bu məsələyə bir daha xüsusi diqqət çəkmişdir. Dövlət başçımıza verilən məlumatda bildirildi ki, aqroparkda 4 min hektar sahədə buğda əkilib və hər hektardan orta hesabla 7 ton məhsul əldə olunub.
Bu yüksək göstərici barədə ölkə rəhbəri qeyd etdi ki, hər hektardan 7 ton taxıl məhsuldarlığı inkişaf etmiş ölkələrin səviyyəsidir. Lakin belə nəticələrə baxmayaraq, Azərbaycan hələ də ərzaq buğdası üzrə idxaldan asılıdır.
Bu fakt xüsusilə düşündürücüdür. Çünki hazırda ölkəmizin illik ərzaq buğdasına olan tələbatı təxminən 3 milyon ton təşkil edir və bunun 1 milyon 300 min tonu xaricdən idxal olunur. Halbuki hər il 800 min hektardan çox sahədə taxıl əkilir. Bəs onda niyə özümüzü tam təmin edə bilmirik? Prezidentin haqlı sualı da məhz bundan ibarətdir: illərlə əkilməyən, o qədər də münbit olmayan torpaqlardan 7 ton məhsul almaq mümkündürsə, nə üçün ölkənin ən yaxşı – keçmiş kolxoz və sovxozlara məxsus münbit torpaqlarında orta məhsuldarlıq cəmi 3–3,5 ton təşkil edir?
Bu çağırış aqrar sahədə çalışan alimləri də ciddi şəkildə düşündürdü. Məhz bu səbəbdən 2024-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup yüksəkixtisaslı alimi tərəfindən Tərtər rayonunda geniş elmi-tədqiqat işlərinə başlanıldı.
Tərtər rayonu bunun üçün kifayət qədər əlverişli şəraitə malikdir. Rayonun 24 min 285 hektar əkin sahəsi var. Hər il 9 min hektardan çox sahədə dənli və paxlalı bitkilər əkilir. Su təminatı da qənaətbəxşdir. Əgər 2015-ci ildə rayona 134 milyon kubmetr su verilirdisə, Suqovuşanın azad edilməsindən sonra bu göstərici 232,7 milyon kubmetrə yüksəlib. Yəni torpaq da var, su da var.
Pilot layihə kimi rayonun ən böyük təsərrüfatlarından biri olan Bəyimsarov kəndi seçildi. Kənd əhalisi əsasən bitkiçilik və heyvandarlıqla məşğuldur. 2024-cü ildə kənddə 240 hektar buğda, 328 hektar arpa, 801 hektar yonca və 231 hektar pambıq əkilmiş, lakin buğdanın məhsuldarlığı cəmi 25,6 sentner olmuşdur.
2025-ci ildə isə müəyyən irəliləyiş müşahidə edildi. Buğdanın məhsuldarlığı 41 sentnerə, arpanın 35 sentnerə, pambığın isə 41,7 sentnerə yüksəldi. Bununla belə, suvarılan münbit torpaq üçün bu göstəricilər hələ də qənaətbəxş hesab edilə bilməz.
Aparılan araşdırmalar göstərdi ki, əsas problemlərdən biri torpaq sahələrinin həddən artıq xırda olmasıdır. Kənddə hər ailəyə düşən pay torpaqları 3–5 hektardan artıq deyil. Bu ölçüdə sahələrdə müasir texnika və innovativ suvarma texnologiyalarından səmərəli istifadə faktiki olaraq mümkün deyil. İlkin hesablamalar göstərir ki, bu cür texnologiyaların effektiv tətbiqi üçün minimum 50 hektar sahə lazımdır.
Maraqlıdır ki, kənddə 100–150 hektar sahəni icarə əsasında becərən fermerlər yüksək məhsul əldə edə bilirlər. Onlardan biri də Fazil Vəliyevdir. Onun təsərrüfatı təkcə Bəyimsarov kəndi üçün deyil, bütün rayon üçün nümunə hesab edilə bilər. Fermer ənənəvi iki tarlalı növbəli əkin sistemindən istifadə edir və pambıq, taxıl, günəbaxan becərir. 2025-ci ildə hər hektardan 70 sentner buğda, 45,8 sentner pambıq əldə etmişdir. Təsadüfi deyil ki, Fazil Vəliyev 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “I dərəcəli Əmək ordeni” ilə təltif edilmişdir. Onun təcrübəsi bütün respublika üzrə yayılmalıdır.
Araşdırmalar bir daha göstərir ki, pay torpaqlarının könüllü şəkildə birləşdirilməsi, müasir suvarma sistemlərinin tətbiqi ilə ən azı 50 hektarlıq sahələrin birgə becərilməsi mümkündür. Bu, həm məhsuldarlığı artırar, həm də suya 2–3 dəfə qənaət etməyə imkan verər.
Tərtər rayonunda artıq bu istiqamətdə potensialı olan özəl təsərrüfatlar mövcuddur: “Tərtər Aqropark” (170 ha), Hüsənli və Mamırlı kəndlərində fəaliyyət göstərən 45 hektarlıq ərazilər. Bu təsərrüfatlar yeni iş yerləri yaradır, texnologiyaları tətbiq edir, lakin burada da suvarma suyundan səmərəsiz istifadə halları müşahidə olunur.
Məqsədimiz Azərbaycan Dövlət Aqrar Universitetinin elmi potensialından, Azərbaycan İnnovasiya Mərkəzinin imkanlarından və su analizi laboratoriyalarından istifadə edərək məhsuldarlığın aşağı olmasının real səbəblərini üzə çıxarmaq və ərzaq təhlükəsizliyinə praktiki töhfə verməkdir. Bu təkliflər artıq Tərtər Rayon İcra Hakimiyyətində fermerlərin iştirakı ilə müzakirə olunmuşdur. Hesab edirik ki, bank sistemində islahatlar aparılmadan, qısamüddətli və faizsiz kreditlər təqdim olunmadan bu proses sürətlənə bilməz.
ABŞ təcrübəsi göstərir ki, bu mümkündür. “John Deere” və “Exim Bank” modeli buna yaxşı nümunədir: texnika və texnologiya verilir, 3 il ərzində ödəniş tələb olunmur, sərmayə məhsul satışı ilə geri qaytarılır. Eyni yanaşma ölkəmiz üçün də tətbiq oluna bilər.
Tərtər layihəsi Prezident İlham Əliyevin Hacıqabul çağırışına Azərbaycan Dövlət Aqrar Universitetinin əməli cavabıdır. Bu layihə gələcəkdə kəndlərdə sosial rifahın yüksəlməsinə, gənclərin kəndlərə qayıdışına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə real töhfə verəcəkdir.
Ziyad ABBASOV,
ADAU-nun məsləhətçi professoru,
Nizami SEYİDƏLİYEV,
professor,
Mirnaib MİRSALAHOV,
elmi işçi

