Dünən Ordubad rayonunun Azadkənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli müəllim və şağirdləri yenilənmiş təhsil ocağının istidadəyə verilməsi münasibətilə təbrik edərək Naxçıvan təhsilinin ölkədə qabaqcıl yer tutduğunu və ali məktəblərə qəbul göstəricilərinin yüksək olduğunu söyləyib. Lakin son təhlillər göstərir ki, tədrisin keyfiyyəti daha da artırılmalıdır. Bu məqsədlə təhsil sahəsində yeni layihələr icra olunacaq, nöqsan və problemlər aradan qaldırılacaq.
Elm və təhsil naziri Emin Əmrullayev kollektivə yeni uğurlar arzulayaraq bildirib ki, belə müasir məktəb binalarının istifadəyə verilməsi orta təhsilin innovativ yeniliklər əsasında daha da təkmilləşdirilməsinə imkan verəcək. Müəllimlərdən Əhliman Əsgərov bu cür müasir tədris ocağının istifadəyə verilməsinin kollektivi olduqca sevindirdiyini qeyd edib.
Mərasimdə bildirilib ki, yenilənmiş 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, hərbi kabinə, STEAM otağı, kitab-xana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib. Hazırda 155 şagird təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev Ordubad şəhər internat tam orta, texniki peşə və sürücülük məktəblərində də olublar, bu təhsil ocaqlarının keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
XQ

