Azərbaycan Universitetinin evsahibliyi ilə təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, bu sahədə təhsilinin inkişafı, beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi kimi məsələlər müzakirə olunur.
Açılış mərasimində çıxış edən dövlət rəsmiləri, deputatları və qonaqlar konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm platforma kimi qiymətləndiriblər.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva bildirib ki, son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlər yaradır və onların elmi nöqteyi-nəzərdən araşdırılması zərurətini ortaya qoyur. Yeni sosial-iqtisadi və siyasi şəraitdə əhali ilə sosial iş xüsusi önəm kəsb edir. Azərbaycan da ölkə Prezidenti səviyyəsində sosial siyasət sahəsinə xüsusi diqqət yetirdiyini dəfələrlə elan edib. Ölkəmizdə həyata keçirilən sosial layihələr, dövlət büdcəsinin əhəmiyyətli hissəsinin sosial sahəyə yönəldiməsi bunu sübut edir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd edilməlidir.
Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc bildirib ki, ölkəmizdə Zəfər Gününün qeyd edildiyi noyabr ayında silsilə tədbir və görüşlər, o cümlədən beynəlxalq elmi konfranslar keçirilir. Ölkəmizdə Vətən müharibəsi iştirakçıları, yaralılar, şəhid və aztəminatlı ailələrə qulluq üçün peşəkar sosial işçilərə dərin ehtiyac duyulur. Hərbi sosial işçilərin hazırlanması da dövlət və özəl sektorun qarşısında duran ən mühüm vəzifədir. 30 ildə 2 müharibədən keçən xalqımıza xidmət üçün 10 minlərlə peşəkar mütəxəssis gərəkdir.
Ölkəmizdə 2005-ci ildə təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi hazırlığına başlanılıb. 10-dan çox ali təhsil ocağında sosial işçi hazırlığı proqramı yerinə yetirilir. İndi Böyük Qayıdış dövründə yaşayırıq. Təxminən 30 ildən sonra doğma torpaqlarına dönən hər bir ailə ilə yaxından çalışmaq, onların dayanıqlı məskunluğunu təmin etmək və dağıdılmış ərazilərdə həyatı canlandırmaq ordumuzun işi qədər müqəddəs vəzifədir.
Beynəlxalq məclisin işi plenar iclaslarla davam edib. Bölmə iclaslarında isə sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması, davamlı inkişaf və sosial iş təhsili, sosial iş təhsilində rəqəmsallaşma və İKT, ictimai səhiyyə böhranı, müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş, həssas qruplar və sosial müdafiə kimi mövzuların müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib.
Bir ildən sonra ikinci “Social Work & Social Research” konfransının keçirilməsi nəzərdə tutulur.
Rizvan FİKRƏTOĞLU
XQ

