Naxçıvanda keçirilən“Qərbi Azərbaycana qayıdışa gedən yol” festival-konqresinin ikinci günü mövzu ilə bağlı məruzələr dinlənildi, sənədli filmlər nümayiş olundu. İştirakçılar Ordubad və Kəngərli rayonlarında məskunlaşmış Qərbi azərbaycanlılarla görüşüb qaçqın soydaşlarımızla doğma yurda qayıdışa hazırlıqla bağlı söhbətlər apardılar.
Festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində müxtəlif bölmələrdə “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan dil faktları və toponimikası” və “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzularında məruzələr dinlənildi, geniş müzakirələr aparıldı.
Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində isə Müasir yaradıcılığa dəstək” İctimai Birliyinin hazırladığı “Yada daşı” sənədli filmi nümayiş olundu. Qonaqlarla yanaşı, Qərbi Azərbaycan icmasının üzvləri, müəllim və tələbələr qədim türk torpağı olan Zəngəzurda dağıdılmış tarixi abidələrimizdən və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edən ekran əsərinə maraqla baxdılar, fikir mübadiləsi apardılar.
“Gənclik” mərkəzində nümayiş etdirilən ikinci film isə “Nəsil ağacı” adlanır. Bir neçə ailənin faciəli taleyinin timsalında hazırlanan videolent Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və soydaşlarımızın bu yerlərdən deportasiyası üzərində qurulub. İştirakçılar bu filmi də böyük maraqla izləyib yüksək qiymətləndirdilər.
Festival-konqresin qonaqları Ordubad rayonuna səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan qərbi azərbaycanlılarla görüşdülər. Sərgilənən Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri iştirakçılarda köçkün soydaşlarımızın yurd sevgiləri və Vətən həsrətləri barədə geniş təsəvvür yaratdı. Konsert proqramı görüşə yüksək vətənpərvərlik əhvalı gətirdi.
Festival-konqresin iştirakçıları Kəngərli rayonunun Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşlarımızla da sıx təmasda oldular, onlara tezliklə doğma yerlərə dönmələrini arzu etdilər. Çalxanqala kənd mərkəzində qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələrindən ibarət sərgi hamını dərindən təsirləndirdi, zəngin etnoqrafik mədəniyyətimizlə bağlı yüksək təəssürat yaratdı.
Görüşdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova və digər çıxış edənlər doğma torpaqlarından deportasiya olunan soydaşlarımızın tezliklə öz yurdlarına qayıdacaqlarına əminlik ifadə etdilər, Naxçıvanda keçirilən festival-konqresin və müxtəlif görüşlərin Qayıdış missiyasına önəmli dəstək olduğunu söylədilər.
Qaçqın aşıqların saz ifaları və müxtəlif musiqi nömrələri yurd həsrətinin ağrı-acısını hamıya dərindən duydurdu.
Bununla da qədim Naxçıvanda keçirilən festival-konqres yaddaşlarda dərin iz buraxaraq sona yetdi.
Tahir AYDINOĞLU,
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan – Bakı





