Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səhiyyə naziri Teymur Musayev və Baş prokuror Kamran Əliyev Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar hadisə yerində olublar. Rəsmi şəxslərə yanğının başvermə səbəbləri və nəticələri barədə məlumat verilib.
Sonra Anar Ələkbərov, Teymur Musayev və Kamran Əliyev yanğın zamanı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərə baş çəkiblər.
Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə məlumatı
Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaydığı birgə məlumatda deyilir.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının əlaqəli və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - birgə məlumatda qeyd edilib.
Kamran Əliyev: İstintaq ölkə rəhbərliyinin nəzarətindədir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir.
Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb.
Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək", - deyə K.Əliyev bildirib.
FHN: Yanğın qısa müddətdə söndürülüb
Respublika Perinatal Mərkəzində baş vermiş yanğının söndürülməsinə 20 texnika və 90 nəfər cəlb edilib və baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-dən bildirilib ki, hadisə yerinə cəlb olunmuş nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
DİN: Polis hadisə yerinə səfərbər edilib
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
60 uşaq 6 tibb müəssisəsinə köçürülüb
Respublika Perinatal Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı TƏBİB tərəfindən xəstələrin dərhal təxliyəsinə başlanılıb. 60 uşaq TƏBİB-in tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin uşaqların yanıq xəsarəti və ya tüstüdən boğulma diaqnozları yoxdur.
Bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib.
"Respublika Perinatal Mərkəzi üçüncü səviyyəli doğum tibb müəssisəsidir. Buradakı uşaqlar ya vaxtından əvvəl doğulanlardır, ya da öncədən yanaşı gedən patologiyaları olan uşaqlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma faktı baş verməyib. Hazırda vəziyyətləri stabildir... Xəstələrin vəziyyəti tam nəzarətdədir. İstər dərman preparatları, istər avadanlıq, istərsə də onların qidalanması baxımından heç bir problemimiz yoxdur və müalicələri davam edir".
XQ






