Mətbuat Şurasının etik davranış çağırışı

post-img

Azərbaycan Mətbuat Şurası müsahibələrin təqdimatına və müsahiblərə həssaslıqla yanaşmaqla bağlı media qurumlarına çağırış edib.

Açıqlamada bildirilir ki, ölkənin media qurumları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər: “Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Həmin hissələrin sosial şəbəkələrdə paylaşılması isə bu narazılığı daha da artırır. Sosial şəbəkə istifadəçiləri isə rəy və münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər”.

Çağırışda qeyd edilir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir: “29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən “Qaranlıqda həqiqət” verilişində müsahibə alınıb. Alim-diplomatın səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, mərhum qızı Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa video anonslarla təqdim edilib. Digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar”.

Çağırışda bildirilir ki, yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış “Huma Quşu” Təhsilə Yardım Fondu bəyanat yayıb, kəskin etirazını bildirib və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət edib. Şura fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, “Qaranlıqda həqiqət” verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilib.

Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının belə çıxışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa, özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır.

XQ

Son xəbərlər