VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

post-img

Mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində səsləndirdiyi fikirlər xarici mətbuatın diqqət mərkəzində olub. 

AZƏRTAC xəbər verir ki, xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədə­niyyətlərarası dialoqa töhfələri və bu baxım­dan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırıl­ması istiqamətində atdığı addımlar barədə fi­kirləri xüsusilə diqqət mərkəzində saxlanılıb. 

VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısı fikirləri Türkiyə mət­buatının da diqqət mərkəzində olub. Qardaş ölkənin Anadolu Agentliyi, “Haber Global” televiziyası, “Akşam” qəzeti, “Haberler.com” portalı və digər KİV-lərində yer alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək mötəbər qonağın qatıldığı qeyd olunub. 

Materiallarda Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında səs­ləndirdiyi fikirlərə xüsusi diqqət yetirilərək, dövlətimizin başçısının Avropa ölkələrinin neokolonializm siyasətinə son qoyulmasının vacibliyi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlə­dən, sərhədlərin delimitasiyası və demarka­siyası işlərinin vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri əks olunub. 

Rusiyanın TASS, “İnterfaks” agentlik­lərinin, “Vedomosti”, “Qazeta.ru”, “Profil” jurnalı, “Rossiya seqodnya” və digər kütləvi informasiya vasitələrində yayımlanan xəbər­lərdə Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə önəm verilib. TASS dövlətimizin başçısının Avropanın bir neçə ölkəsi tərəfin­dən həyata keçirilən neokonializm siyasətinin qarşısının alınmasının vacibliyini vurğulama­sına diqqət çəkib. Agentliyin xəbərində qeyd olunub ki, dövlət başçısı Azərbaycan cəmiy­yətində sülhün, sabitliyin, həmrəyliyin mə­dəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi vurğulayıb. 

Digər xəbərlərdə də Prezident İlham Əli­yevin xüsusən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, delimitasiya və demarkasiya işlərinin aparıl­ması və digər məsələlərlə bağlı fikirlərinə yer verilib. 

Gürcüstanın “resonancedaily.com”, “imedinews.ge”, “newshub.ge”, “primeti­me.ge”, “for.ge”, “alt-info.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası Azər­baycan Prezidentinin Avropanın bəzi ölkələri­nin digər xalqlara müstəmləkə kimi yanaşma­sı faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb. Prezident İlham Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi ya­naşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansı­sa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, bey­nəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neo­kolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Qətər Xəbər Agentliyinin yaydığı xə­bərdə Bakıda işə başlayan üçgünlük Forum çərçivəsində təşkil olunacaq 4 plenar sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin müha­fizəsi, qanunsuz miqrasiya və digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu mə­kan olması, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruma­sına da fikirləri diqqətə çatdırılıb. 

Belarus mətbuatı da VI Ümumdünya Mə­dəniyyətlərarası Dialoq Forumunu gündəmdə saxlayıb. BELTA-da yayımlanan xəbərdə Belarus nümayəndə heyətinin də Foruma qatıldığı vurğulanıb. Qeyd edilib ki, mühüm məsələlərlə bağlı ciddi fikir mübadiləsinin aparıldığı Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, “çox mühüm beynəlxalq platformadır və orada mədəniy­yətlərarası dialoq məsələləri müzakirə olu­nur”. 

Bu ölkənin “Sb.by” portalının yaydığı xə­bərdə də Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğu vurğulanıb. 

Ukraynanın “Telegraf” və “Korrespon­dent” nəşrləri əsasən dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında münasi­bətlərin normallaşdırılması istiqamətində atı­lan addımlar barədə fikirlərinə diqqət çəkib. Məqalələrdə Prezident İlham Əliyevin sülh müqaviləsi üzrə danışıqların Azərbaycanın irəli sürdüyü təkliflər əsasında aparılması, eləcə də iki ölkə arasında demarkasiya və delimitasiya işlərinə başlanıldığı, xüsusən bu prosesin vasitəçilər olmadan həyata keçiril­məsi barədə fikirləri diqqətə çatdırılıb. 

İranın İRNA agentliyinin, “Entexab” qəzetinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistanın otuz il davam etmiş işğala son qoyması üçün qəbul etdikləri qərar və qətnamələrin tələblə­rinin yerinə yetirilməsinə cəhd göstərmədik­ləri barədə sərt fikirlərinə geniş yer ayrılıb: “Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik”. Yazılarda dövlətimi­zin başçısının iki ölkə arasında münasibətlə­rin normallaşdırılması istiqamətində müsbət tendensiyaların müşahidə olunmasını qeyd etməsi xüsusi vurğulanıb. 

Türkmənistanın “Central Asia” media platformasının yaydığı xəbərdə də Prezident İlham Əliyevin Forumun açılış mərasimində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müşahidə olunan müsbət tendensiya barədə fikirləri diqqətə çatdırılıb.

XQ



Son xəbərlər