Bakı Dövlət Universiteti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Konfrans iştirakçıları BDU-nun Heydər Əliyev muzeyini ziyarət edib, tədbir Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxla açılıb.
BDU-nun rektoru Elçin Babayev çıxışında tədbirin ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyanın qəbulunun 30, Zəfərimizin 5 illiyi ərəfəsində keçirilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, Heydər Əliyev SSRİ dönəmində Azərbaycanı sənaye respublikasına çevirib, Naxçıvanda fəaliyyəti dövründə torpaqların işğalının qarşısının alınmasında mühüm rol oynayıb. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanın parçalanma təhlükəsinin qarşısını alıb, dövlətçiliyin əsaslarını möhkəmləndirib. Rektor ulu öndərin ən böyük töhfələrindən birinin Prezident İlham Əliyev kimi siyasi varis yetişdirməsi olduğunu qeyd edib.
Babayevin sözlərinə görə, Heydər Əliyev BDU-nu “milli sərvət” adlandırıb və bu ali təhsil ocağı onun siyasi irsinin yaşadılmasında aktiv rol oynayır. Bu il BDU-dan 100-dən çox əməkdaş və tələbə YAP sıralarına qəbul edilib.
YAP sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov çıxışında Heydər Əliyevin zəngin dövlətçilik irsindən danışaraq bildirib ki, onun sovet dövründə və müstəqillik illərindəki fəaliyyəti Azərbaycanın gələcəyinə möhkəm təməl qoyub. 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin həyatında dönüş nöqtəsi olub.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi böhrandan çıxaraq sabit və inkişaf edən bir dövlətə çevrilib.
Tahir Budaqov “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın dövlət quruculuğuna və gələcək hədəflərə işıq saldığını vurğulayıb. O, həmçinin BDU alimlərinin partiya və dövlətçiliyə verdiyi töhfəni yüksək qiymətləndirib.
Tədbirin sonunda YAP sıralarına qəbul olunmuş bir qrup BDU əməkdaşı və tələbəsinə üzvlük vəsiqələri təqdim olunub. “Gənc istedadlar” liseyinin müəllimi Arzu Orucova və Tarix fakültəsinin tələbəsi Ayan İsmayılova çıxışlarında Ulu öndərin ideallarına sadiq qalacaqlarını bildiriblər.
Konfrans Yeni Azərbaycan Partiyasının himni və BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə yekunlaşıb.
XQ