Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri müzakirə olunub

post-img

Mayın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusunda müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Cənubi Qafqaz regionunda dəyişən geosiyasi konfiqurasiya fonunda Azərbaycan-İran münasibətlərinin cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini qiymətləndirmək olub.

Müzakirələrdə BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, xarici işlər nazirinin müavini Səid Xətibzadə çıxış ediblər.

Fərid Şəfiyev çıxışında iki ölkə münasibətlərində müşahidə olunan pozitiv dinamikanın əlaməti olaraq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinə diqqət çəkib. O bildirib ki, bu səfər strateji dialoqun bərpası, etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlıq formatlarının genişləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olub.

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə çıxışında ölkəsinin qonşuluq siyasətində Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək Prezident Məsud Pezeşkianın Azərbaycana səfərinin bu siyasətin praktiki təzahürü olduğunu bildirib. O, həmçinin iki xalq arasındakı yaxın münasibətlərə diqqət çəkərək deyib: “Bölgədə geosiyasi və iqtisadi vəziyyət bir sıra dəyişikliklərə uğrayıb. Buna görə də Azərbaycan və İran arasında münasibətlərin bu dəyişikliklərə uyğun şəkildə inkişaf etdirilməsi vacibdir”.

Tədbir çərçivəsində BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənəd Fərid Şəfiyev və Səid Xətibzadə tərəfindən imzalanıb.

Daha sonra davam edən ekspert müzakirələrində regiondakı yeni reallıqlar fonunda ikitərəfli münasibətlər, İran Prezidentinin Azərbaycana səfərinin yekunları, regional enerji və nəqliyyat layihələri, təhlükəsizlik və sərhəd idarəçiliyi, eləcə də mədəni-humanitar əməkdaşlıq məsələləri ilə bağlı BMTM İdarə Heyətinin üzvü Cavid Vəliyev, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avrasiya araşdırmaları qrupunun rəhbəri Əlibeman Eğbali Zarç, BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədi, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mənuçehr Muradinin çıxışları dinlənilib

Çıxışçılar Prezident Məsud Pezeşkianın səfərinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını və bundan sonrakı mərhələdə davamlı dialoq üçün zəmin yaratdığını vurğulayıblar.













Siyasət