Dünən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açılış nitqində “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş tədbirin ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, eləcə də yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Natiq qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı, zəngin dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətləri misilsizdir. Görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb. Ulu öndərin ideyalarının işığında Azərbaycan iki onillikdə əsrə bərabər yol keçib. Hazırda Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla, müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir.
AMEA rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dünyaya nümunə olub. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, etibarlı və dəyərli tərəfdaş kimi tanınır və dünyaya barış, ədalət, təhlükəsizlik, əməkdaşlıq, dostluq, həmrəylik təqdim edir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxışında müasir dövrdə Azərbaycan konstitusionalizminin inkişaf mərhələlərini və suverenlik anlayışına yanaşmadakı dəyişiklikləri təhlil edib. O qeyd edib ki, konstitusionalizm və suverenlik bir-biri ilə sıx bağlı anlayışlardır. Azərbaycanın müasir dövrdə qarşısında dayanan əsas vəzifə hüquqi dövlətin qurulması və real suverenliyin davamlı şəkildə qorunmasıdır.
Sonra onlayın formatda Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anatoli Lazaroviç, Qazaxıstan MEA-nın fəxri akademiki, Qazaxıstanın Əməkdar elm xadimi, hüquq elmləri doktoru Esberqen Alauxanov, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, professor Arif Quliyev, Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru Halunko Valentin, Avropa Tədqiqatlar İnstitutunun elmi işçisi, hüquq elmləri doktoru Rayko Petroviç və başqaları təmsil etdikləri ölkələrin təcrübəsini bölüşüb, suverenliyimizin bərpasını dövlət quruculuğu prossesi və vətəndaş cəmiyyətinin formalaşmasının yeni mərhələsi kimi qiymətləndiriblər.
Qabil YUSİFOĞLU
XQ