“Konstitusiya və Suverenlik ili” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya Marafonu” layihəsinə start verilib.
Naxçıvan Dövlət Universitetində baş tutan layihənin açılış mərasimində giriş nitqi ilə çıxış edən Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə Naxçıvan Dövlət Universiteti də muxtar respublikanın bir sıra təşkilatları, nazirlik, komitələri ilə birgə müxtəlif mövzularda planlaşdırdığı tədbirlər planının icrasını davam etdirir. Bildirilib ki, bu il həm də ona görə əlamətdardır ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü qeyd edilir. Naxçıvan Dövlət Universiteti də dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri kimi il ərzində müəllim və tələbələrin iştirakı ilə tədbirlərini davam etdirəcək.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev çıxış edərək bildirib ki, Ali Məhkəmə ilə Universitet arasında uzunmüddətli qarşılıqlı əlaqələr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış birgə əməkdaşlıq haqqında anlaşma memorandumu ilə daha da inkişaf etdirilib. Universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr mütəmadi olaraq Məhkəmələrdə geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına cəlb olunur, əməkdaşlıq çərçivəsində elmi-praktiki konfranslar, seminarlar, təlim kursları, mühazirə və görüşlər həyata keçirilir. Əli Allahverdiyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi hüquq ictimaiyyəti üçün əhəmiyyətli hadisədir. “Konstitusiya Marafonu” layihəsinin məqsədi də Konstitusiyanın əhəmiyyətinin və konstitusion dəyərlərin geniş təbliğinə nail olmaqdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Surə Qurbanova layihə barədə geniş məlumat verərək, layihənin məqsədlərini və gözlənilən nəticələrini, həmçinin hər bir mərhələ üzrə nəzərdə tutulmuş tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbir Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımov, həmin kafedranın müəllimi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilovun iştirakı ilə panel müzakirələrlə davam edib. Müzakirələr zamanı rəqəmsallaşmanın yaratdığı yeni reallıqların hüquqi münasibətlərə mümkün təsirləri barədə fikirlər səsləndirilib.
Qeyd edək ki, ayrı mərhələlər üzrə ümumilikdə bir ay davam edəcək layihənin məqsədi tələbələrə konstitusion dəyərlərin aşılanması ilə yanaşı onlarda tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqların inkişaf etdirilməsidir.