AMEA Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın “Azərbaycan postmodern ədəbiyyatı” monoqrafiyası rus dilində işıq üzü görüb. Müəllifin sayca 6-cı, rus dilində isə ilk kitabı İnstitutun Elmi Şurasının 7 noyabr 2024-cü il tarixli qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayevadır.
Müstəqillik dövrü ədəbiyyatımızda postmodernist poetikanın təzahürlərini sistemli şəkildə tədqiq edən ilk monoqrafik araşdırma “Giriş”, “Postmodernizm və milli ədəbiyyat konsepsiyası”, “Azərbaycan ədəbiyyatında postmodern paradiqma”, “Azərbaycan postmodern ədəbiyyatında dekonstruksiya və dekanonizasiya”, “Postmodern poetika Azərbaycan ədəbiyyatı kontekstində” və nəticə hissələrindən ibarətdir. Əsərdə postmodernizm cərəyanı bütün yönləri ilə araşdırılmış və bu metodun Azərbaycan ədəbiyyatında mövqeyi müəyyənləşdirilmişdir.
Monoqrafiya “Mütərcim” nəşriyyatında çap olunmuşdur.
XQ

