Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir qrup tələbə ilə görüş keçirilib

post-img

Noyabrın 26-da Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüş keçirilib. Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.

XQ xəbər verir ki, qonaqları spiker Sahibə Qafarovanın adından salamlayan Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Milli Məclisdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda silsilə tədbirlər keçirilir.

Görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda hazırlanan və slaydlarla müşayiət olunan təqdimat nümayiş olunub. Təqdimatda Azərbaycanda konstitusiya quruculuğunun tarixi inkişaf mərhələlərinə nəzər salınıb, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə milli dövlətçilik ənənələrimizin konstitusion təminat altına alınması istiqamətində göstərdiyi səylər barədə məlumat verilib. Həmçinin Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanmasında, xalqın milli mənlik və dövlətçilik şüurunun möhkəmlənməsində, eləcə də ölkəmizin konstitusion əsaslarının yaradılmasındakı tarixi xidmətləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə milli atributların bərpası, dövlətçilik ideyalarının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi qərarlar xüsusi vurğulanıb. Qeyd edilib ki, Ümummilli Liderin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsindən sonra müstəqil Azərbaycanın konstitusion əsaslarının yaradılması prosesi başlanmış, Ulu Öndərin rəhbərliyi altında  demokratik prinsiplərə əsaslanan,  insan hüquq və azadlıqlarını geniş şəkildə təsbit edən ilk milli Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub.

Vurğulanıb ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə xalqın və dövlətin suverenliyi, hakimiyyətlərin bölgüsü, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri, insan hüquq və azadlıqlarının ali dəyər kimi təsbiti ölkəmizin demokratik inkişaf yolunu müəyyən etmişdir. Diqqətə çatdırılıb ki, ölkəmizin Əsas Qanununda müasir Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün, demokratik idarəetmənin və xalqın rifahının fundamental hüquqi təminatları öz əksini tapıb.

Bildirilib ki, bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edilməsinin qürurverici təntənəsini yaşayır. 2024-cü ildə Azərbaycanın bütün ərazisində ilk dəfə olaraq prezident və parlament seçkilərinin keçirilməsi bu tarixi reallığın ən parlaq təzahürlərindən biridir. Qeyd edilib ki, gənclər dövlətçilik ənənələrinin qorunması, Konstitusiyanın mahiyyətinin dərindən öyrənilməsi, hüquqi bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində ardıcıl çalışmalarını davam etdirməlidirlər. Tələbələrə ölkənin gələcək hüquq mütəxəssisləri kimi Konstitusiyanın aliliyinin təmin edilməsində, hüquqi mədəniyyətin yüksəldilməsində və müasir Azərbaycanın inkişafında fəal iştirak etmək tövsiyə olunub.

Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkdirilib.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov və parlamentin  məsul əməkdaşları iştirak ediblər.

Sosial həyat