Gənclik 30 yaşa qədər davam edir?

post-img

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, insan beyni həyat boyu bir neçə dəqiq şəkildə fərqlənən mərhələlərdən keçir və əsas dönüm nöqtələri 9, 32, 66 və 83 yaşlarda baş verir. Tədqiqatın müəllifləri ümid edirlər ki, bu mərhələlərdə beynin vəziyyəti haqqında biliklər psixi pozuntuların və demensiyanın səbəblərini daha yaxşı anlamağa kömək edəcək.

Tədqiqatda 90 yaşa qədər olan təxminən 4 min nəfər iştirak edib, alimlər onların beyinlərini skan edərək neyronlar arasındakı əlaqələrin necə işlədiyini araşdırıblar. Kembric tədqiqatçıları belə qənaətə gəliblər ki, insan beyni təxminən 30 yaşa qədər gənclik fazasında qalır — məhz bu yaş insan orqanizminin inkişaf zirvəsi hesab edilir. Alimlərin fikrincə, yeni tədqiqatın nəticələri psixi pozuntular və demensiya risklərinin niyə həyatın müxtəlif dövrlərində dəyişdiyini başa düşməyə kömək edəcək.

Tədqiqatın nəticələri Nature Communications elmi jurnalında dərc olunub. Yeni bilik və təcrübə toplandıqca beyin daim dəyişir, lakin araşdırma göstərir ki, bu proses doğumdan ölümə qədər uzanan təkbirə-bir, hamar bir proses deyil.

Bunun əvəzinə beyin beş ayrı fəaliyyət fazasından keçir:

  • Uşaqlıq — doğumdan 9 yaşa qədər;
  • Gənclik dövrü — 9 yaşdan 32 yaşa qədər;
  • Yetkinlik — 32 yaşdan 66 yaşa qədər;
  • Erkən qocalma — 66 yaşdan 83 yaşa qədər;
  • Gec qocalma — 83 yaşdan yuxarı.


“Beyin həyat boyu özünü yenidən qurur. O, bəzi əlaqələri gücləndirir, digərlərini isə zəiflədir və bu proses sabit və düz xətt üzrə getmir, - dalğalanmalar və yenidənqurma fazaları olur”, -araşdırmanın müəlliflərindən biri, Dr. Aleksa Mousli BBC-yə bildirib.

Bəzi insanlarda bu mərhələlər daha tez və ya daha gec baş verir, lakin skanlar göstərib ki, ən çox məhz bu yaş hədləri müşahidə olunur.

Beynin beş fəaliyyəti mərhələsi

Uşaqlıq

Bu ilk mərhələdə beyin sürətlə böyüyür, eyni zamanda, həyatın əvvəlində yaranmış artıq sinapsları -neyronlar arasındakı əlaqələri “seyrəldir”. Bu dövrdə beynin işi daha az səmərəli olur: o, bir növ parka məqsədsiz girən uşaq kimidir — birbaşa A nöqtəsindən B-yə getmək əvəzinə, hara istəsə ora gedir.

Gənclik dövrü

Təxminən 9 yaşdan etibarən beyindəki əlaqələr maksimum səmərəlilik üçün yenidən qurulur. “Bu, nəhəng bir dəyişiklikdir”, -Dr. Mousli bildirir və bu keçidi insan həyatının ən mühüm mərhələsi adlandırır. Məhz bu dövrdə psixi pozuntuların yaranması riski ən yüksək olur.

Gəncliyin başlanması cinsi yetkinlik dövrünə təsadüf edir, lakin tədqiqat göstərir ki, bu mərhələ əvvəllər düşündüyümüzdən çox daha gec - 30 yaşdan sonrasına qədər davam edir.

Əvvəllər düşünülürdü ki, gənclik yeniyetməlik illəri ilə məhdudlaşır; sonralar neyrobiologiya göstərdi ki, bu dövr 20 yaşlardan sonra da davam edir; indi isə məlum olur ki, 30 yaşa qədər uzanır. Bu, beynin neyron şəbəkələrinin daha səmərəli olduğu yeganə fazadır. Mouslinin sözlərinə görə, beynin fəaliyyət göstəriciləri 30 yaşdan sonrakı ilk illərdə, yəni 9–32 yaş aralığının sonunda zirvəyə çatır. Mütəxəssis hesab edir ki, beynin bu qədər uzun müddət eyni inkişaf fazasında qalması “son dərəcə maraqlıdır”.

Yetkinlik

Sonra sabitlik dövrü gəlir - bu, beynin ən uzun mərhələsidir və təxminən üç onillik davam edir. Dəyişikliklər əvvəlki dövrlərlə müqayisədə daha yavaşdır, lakin məhz bu mərhələdə beynin inkişaf prosesi tədricən əksinə dönməyə başlayır. Alimlərin sözlərinə görə, bu dövrdə biz “intellekt və şəxsiyyətin platousu”na çatırıq.

Erkən qocalma

Bu faza təxminən 66 yaşda başlayır, lakin bu, beynin kəskin zəifləməsi demək deyil. Daha çox beynin əlaqə sxemlərində dəyişikliklər baş verir. Beyn artıq vahid, tam koordinasiya olunmuş orqan kimi işləmək əvəzinə, bir-biri ilə sıx əməkdaşlıq edən, lakin daha müstəqil fəaliyyət göstərən sahələrə bölünür - sanki bir musiqi qrupunun üzvləri solo layihələrə başlayırlar.

Araşdırma sağlam beyin üzərində aparılsa da, məhz bu yaşlarda demensiya və yüksək qan təzyiqinin təsirləri özünü göstərməyə başlayır.

Gec qocalma

83 yaşdan sonra insan beyni son mərhələyə daxil olur. Bu yaş qrupu üzrə məlumat azdır, çünki skan üçün sağlam beyinli kifayət qədər insan tapmaq çətin idi. Bu mərhələdə baş verən dəyişikliklər erkən qocalma simptomlarına bənzəsə də, daha güclü şəkildə ifadə olunur.

Dr. Mousli yaş mərhələlərinin bu qədər dəqiq şəkildə insan həyatındakı mühüm dönəmlərə - cinsi yetkinlik, sağlamlıq dəyişiklikləri, hətta 30 yaş ətrafı həyati dönüş nöqtələrinə (məsələn, valideyn olmaq) uyğun gəlməsinə heyrət etdiyini bildirib.

“Əla tədqiqat”

Tədqiqat fərqli olaraq kişilər və qadınların beyin göstəricilərini ayrıca təhlil etmir. Lakin alimlər gələcəkdə gender fərqlərinin, o cümlədən menopauzanın beyin fəaliyyətinə təsirinin öyrəniləcəyini bildirirlər.

“Bir çox psixi və neyroloji vəziyyətlər beynin əlaqə quruluşu ilə bağlıdır. İnsanlar arasındakı ‘tel çəkmə’ fərqləri diqqət, nitq, yaddaş və digər davranışlarla bağlı çətinlikləri əvvəlcədən proqnozlaşdırmağa kömək edə bilər”, - Kembric Universitetinin neyroinformatika professoru Dunkan Astl qeyd edib.

“Bu, olduqca əla tədqiqatdır və beynimizin həyat boyu necə dəyişdiyini çox gözəl göstərir”, - Edinburq Universitetinin Beyin Araşdırmaları Mərkəzinin direktoru, professor Tara Spayrs-Cons əlavə edib (o, araşdırmanın müəllifləri arasında deyil).

Onun sözlərinə görə, tədqiqatın nəticələri beynin yaşlanması barədə hazırkı elmi biliklərlə “yaxşı uyğunlaşır”, lakin Spayrs-Cons bununla yanaşı vurğulayır ki, “insanların hamısı araşdırmada göstərilən yaş dövrlərinə tam eyni şəkildə uyğun gəlmir”.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı