Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir.
Tədbir çərçivəsində Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb.
Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə də görüşüb.
Milli Məclisin sədri özünün bu ilin mayında İspaniyaya ilk rəsmi səfərini və Deputatlar Konqresinin sədri ilə görüşünü xatırlayaraq, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaratdığını, bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına töhfəsini qeyd edib.
Söhbət zamanı qanunvericilik orqanlarımız arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin parlament nümayəndə heyətləri arasında təmasların əlaqələrimizə müsbət töhfə verə biləcəyi qeyd edilib.
Sahibə Qafarova regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
XQ