Hikmət Hacıyev “EU Today”ə və jurnalistlərə müsahibə verib

post-img

“Azərbaycan Avropa İttifaqı (Aİ) ilə enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today"ə və jurnalistlərə müsahibəsində bildirib.

"H.Hacıyev bəyan edib ki, Azərbaycan enerji təhlükəsizliyi və qarşılıqlı əlaqə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir", - "EU Today" bildirib.

Qeyd olunur ki, 2024-cü ildə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə, təxminən, 11,7 milyard kubmetr Azərbaycan qazı idxal edib ki, bu da 2021-ci ildəki 8 milyard kubmetrdən çoxdur, 2022-ci il sazişi isə 2027-ci ilə qədər həcmin ən azı 16 milyard kubmetrə qədər artırılmasını nəzərdə tutur.

Azərbaycan rəsmisi bildirib ki, Trans-Adriatik Boru Kəmərinin və əlaqədar infrastrukturun daha da genişləndirilməsi Avropa tərəfindən "səmimi maraq" və uzunmüddətli müqavilə öhdəliklərinin olması halında mümkün olacaq.

H.Hacıyev perspektivlərdən bəhs edərkən bərpaolunan enerji mənbələrinə də diqqət çəkib. Azərbaycan Energetika Nazirliyi ölkədə bərpaolunan enerji mənbələrinin texniki potensialını quruda təxminən 135 giqavat, dənizdə isə, əsasən Xəzər dənizində, 157 giqavat olaraq qiymətləndirir. Prezident İlham Əliyev 2030-cu ilə qədər, təxminən, 6 giqavat bərpaolunan enerji gücünə (günəş və külək elektrik enerjisi) nail olmaq hədəfini elan edib. Artıq planlaşdırılan layihələrin təxminən 10 giqavatını əhatə edən müqavilələr və memorandumlar imzalanıb.

"2030-cu ilə qədər Azərbaycan 6 GVt bərpaolunan elektrik enerjisi istehsal etmək imkanına malik olacaq", - deyə o bildirib.

Prezident köməkçisi qeyd edib ki, bu, Avropaya ixrac üçün daha çox qazın azad edilməsinə imkan verəcək. O, bu proqnozlaşdırılan gücü Avropanın rəqəmsal texnologiyalar və süni intellekt sahəsindəki hədəfləri ilə əlaqələndirib: "Avropaya yeni tərəfdaşlar lazımdır, bunu autsorsinq edin". H.Hacıyev Azərbaycanı Mərkəzi Asiyadan Avropaya məlumatları ötürən "rəqəmsal İpək yolu" çərçivəsində gələcək regional hab kimi təqdim edib.

H.Hacıyev bildirib ki, "nisbətən ucuz elektrik enerjisi" və ölkənin şimal bölgələrində əlverişli iqlim şəraiti sayəsində Azərbaycan qlobal rəqəmsallaşma konsepsiyası çərçivəsində yeni məlumat mərkəzinə çevrilmək üçün bütün üstünlüklərə və şərtlərə malikdir.

H.Hacıyev müsahibədə Azərbaycan və Ermənistan münasibətlərinə toxunarkən bildirib ki, Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidir: "Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik". Prezident köməkçisinin sözlərinə görə, Şərqlə Qərb, eləcə də Şimal və Cənub arasında əlaqələr genişləndikcə, Ermənistan "dalana dirənmiş ölkə"dən tranzit dövlətə çevrilə bilər.

"EU Today"ə və jurnalistlərə verdiyi müsahibəsində Hikmət Hacıyev onu da vurğulayıb ki, Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək. Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır. Onun sözlərinə görə: Bakı "Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istərdi".

Azərbaycan və İran arasındakı münasibətlərdən danışarkən Prezidentin köməkçisi bildirib ki, Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyib.

Diplomatın sözlərinə görə, Azərbaycan və İran hazırda Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi layihəsini həyata keçirir. Körpü 2025-ci ilin sonuna, sərhəd və gömrük infrastrukturu isə 2026-cı ilin əvvəlinə qədər hazır olmalıdır.

H.Hacıyev onu da vurğulayıb ki, bu gün Bakı və Tehran arasındakı münasibətlər "sabitdir", iki ölkənin liderləri arasında yaxşı əlaqələr qurulub, İranın paytaxtındakı Azərbaycan səfirliyinə silahlı hücumun diplomatik nəticələri tam şəkildə həll olunub.

"Azərbaycan bu səhifəni tamamilə çevirib", - deyə Prezidentin köməkçisi qeyd edib və bildirib ki, Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs İran qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilib.

AZAL-ın Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı sualları cavablandırarkən H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Düşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib.

"Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - deyə H.Hacıyev əlavə edib.

XQ

Son xəbərlər