Azərbaycan özünün prinsipial və praqmatik xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv əməkdaşlığa sadiqdir.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, əhəmiyyətli nəticələrin əldə olunması üçün birgə həll yolları və konstruktiv əməkdaşlıq vacibdir.
Nazir bildirib: “Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat adaptasiya etməyi bacarmalı və nəzərəçarpacaq nəticələr əldə etməlidir. Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır. Bu anlayışla ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə konstruktiv əməkdaşlığa hazırıq”.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən danışarkən Ceyhun Bayramov bildirib ki, bu gün qeyri-sabit ATƏT regionundan fərqli olaraq, Azərbaycan və Ermənistan ən dinc və sabit dövrü yaşayır. Hər iki tərəf hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyələrində müxtəlif ölçülər üzrə konkret tədbirlərin həyata keçirilməsi istiqamətində irəliləyir.
Onun sözlərinə görə, sülh prosesinə əlavə təkan vermək məqsədilə, Azərbaycan xoşməramlı jest olaraq, Ermənistana münasibətdə məhsulların tranzit məhdudiyyətini birtərəfli qaydada aradan qaldırıb.
XİN rəhbəri deyib: “Azərbaycan tərəfindən uzun illər ərzində təşviq olunduğu kimi, bu nailiyyətlər aydın şəkildə nümayiş etdirir ki, birbaşa ikitərəfli danışıqlar irəliyə aparan ən yaxşı yoldur. Azərbaycan sülh gündəliyinin təşəbbüskarı kimi bu yola sadiqdir və Ermənistan tərəfindən də qarşılıqlı siyasi iradə və məsuliyyəti gözləyir. Biz bu çərçivədə, normallaşma prosesinin yekunlaşdırılması naminə xoş niyyətin və bütün öhdəliklərin zamanında icrasının həlledici əhəmiyyətini vurğulayırıq”.
Ceyhun Bayramov daha sonra vurğulayıb ki, Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması paraflanmış ikitərəfli sazişin imzalanmasına və onun sonrakı ratifikasiyasına, birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.
Onun sözlərinə görə, bununla yanaşı, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun zamanında həyata keçirilməsi sülhün dayanıqlı olmasında böyük əhəmiyyət kəsb edir: “Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir”.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, eləcə də Azərbaycan–Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.
***
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.
Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.
***
Xarici işlər naziri Ceyhun Bayramov iclas çərçivəsində Norveç xarici işlər naziri Espen Bart Eyde ilə də görüşüb.
Nazirlər iki ölkə arasında münasibətlərinin mövcud vəziyyətini nəzərdən keçirib, siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir Bayramov həmkarına Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar barədə də məlumat verib.
***
Xarici işlər naziri Ceyhun Bayramov iclas çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə daxil olan müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular müzakirə olunub.
XQ



