Erməni hərbi canilər layiqli cəzalarını aldılar

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası fevralın 5-də davam etdirilib.

Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Məhkəmə qərarında elan olunub ki, dövlət ittihamını müdafiə edən prokurorların təklifi nəzərə alınmaqla məhkəmə tərəfindən Arayik Harutyunyana, Arkadi Qukasyana, Bako Sahakyana, Davit İşxanyana, Levon Mnatsakanyana, David Babayana və David Manukyana cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq təqsirli bilindikləri aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllərə dair cəza təyin edilməyib.

Qeyd edilib ki, təqsirləndirilən şəxslər Arkadi Qukasyan və Bako Sahakyan ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmalarına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Təqsirləndirilən şəxslər Arayik Harutyunyana, Arkadi Qukasyana, Bako Sahakyana, Davit İşxanyana, David Babayana, Levon Mnatsakanyana, David Manukyana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.

Bundan başqa, ittihamın Arkadi Qukasyana, Bako Sahakyana, Levon Mnatsakanyana və David Manukyana aid hissəsindən Cinayət Məcəlləsinin 218.1, 218.2, 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Arayik Harutyunyana, Davit İşxanyana, David Babayana, Madat Babayana, Melikset Paşayana, Qarik Martirosyana, Davit Allahverdiyana, Vasili Beqlaryana, Qurgen Stepanyana, Levon Balayana və Erik Qazaryana qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.

Daha sonra məhkəmə iclasına sədrlik edən elan edib ki, törətdikləri çoxsaylı cinayətlərdə təqsirli bilinərək Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni, Babayan David Klimi qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilsinlər və cəzasını həbsxanada çəksinlər.

Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Sahakyan Bako Sahaki bir sıra cinayətlər törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsinlər və cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.

Babayan Madat Arakeli təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Paşayan Melikset Vladimiri təqsirli bilinərək qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Martirosyan Qarik Qriqori təqsirli bilinərək qəti olaraq 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 8 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Allahverdiyan Davit Nelsoni təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 6 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Balayan Levon Romiki təqsirli bilinərək qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Beqlaryan Vasili İvani təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Stepanyan Qurgen Homerosi təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Qazaryan Erik Roberti təqsirli bilinərək qəti olaraq 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.

Ermənistan dövlətinin Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış – Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs məhkum edilib.

XQ



Son xəbərlər