XIII Qlobal Bakı Forumunun panel iclasları

post-img

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusunda ilk panel iclası keçirilib. İclasa Belçikanın sabiq Baş naziri İv Leterm moderatorluq edib.

Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel Aİ-nin əsas prinsiplərinin - sülh, rifah və demokratik dəyərlərin hazırda müxtəlif təhdidlər altında olduğunu diqqətə çatdırıb.

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənasının dəyişdiyini bildirib: "Biz məhz bu kontekstdə Qlobal Bakı Forumunda müzakirələr aparmaq üçün toplaşmışıq. Çünki Qlobal Şimal və Qlobal Cənub arasında sosial, iqtisadi və siyasi parçalanma dərinləşib. Qlobal Cənub ölkələri artıq çoxsaylı mürəkkəb çağırışlarla üzləşir, bu isə qlobal təhlükəsizlik məsələlərinin daha mürəkkəb, çoxşaxəli olmasına şərait yaradır".

Avstriyanın sabiq Federal Kansleri Alfred Quzenbauer düşmənçilikdən uzaqlaşmaq və beynəlxalq hüquq, normativlər və əməkdaşlıq prinsiplərinə əsaslanan həll yolları barədə düşünməyin vacibliyini vurğulayıb.

Avstriyanın digər keçmiş Federal Kansleri Sebastian Kurs isə bildirib ki, mövcud beynəlxalq nizam yenidən nəzərdən keçirilməli və gələcəkdə terrorizmə, hibrid müharibələrə və terror təşkilatlarına qarşı düzgün yanaşmanın necə olacağı bir daha düşünülməlidir.

Norveçin sabiq Baş naziri Kyell Maqne Bondevik dünyada hazırda beynəlxalq nizam yox, beynəlxalq xaos mövcud olduğunu deyib: "İkinci Dünya müharibəsindən sonra yaradılan beynəlxalq nizam, BMT və digər beynəlxalq təşkilatlar, İnsan Hüquqları Bəyannaməsi və digər konvensiyalar bu gün zəifləyib".

Panel sessiyası müzakirələrlə davam edib.

***

Forum çərçivəsində “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzusunda panel sessiya keçirilib.

Məclisə Birlik Təşkilatının (Commonwealth) sabiq Baş katibi, Böyük Britaniya Lordlar Palatasının üzvü Patrisiya Skotland moderatorluq edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çoxtərəfliliyin ölkələrin qlobal və dünya əhəmiyyətli qərarlarda iştirak etmək imkanı olduğu diqqətə çatdırıb: "Burada həm böyük dövlətlər, həm də orta və kiçik ölkələr öz sözünü deyə bilirlər. Arzu edirik ki, hər bir xalqın hüquqları tapdalanmadan, öz gələcəyində söz sahibi olmaq şansı olsun. Avropada bu sahədə bir çox nailiyyətlər əldə edilib. Biz də bu hədəf üçün çalışmalı və onu qətiyyətlə gözləməliyik".

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmiz üçün çoxtərəfliliyin böyük əhəmiyyətə malik olduğunu deyib. O, bunun yalnız müxtəlif qruplarda iştirakla məhdudlaşmadığını, həm də real fəaliyyətlərdə özünü göstərdiyini bildirib.

H.Hacıyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub: “Biz uzunmüddətli münaqişəni hərbi və siyasi vasitələrin kombinasiyası ilə həll etdik və bunun nəticəsində hazırda regionda faktiki sülh mövcuddur. Həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin necə gücləndiriləcəyi ilə bağlı parametrlər üzərində işləyir”.

Mərkəzi Asiya-Azərbaycan əməkdaşlığına diqqət çəkən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu da göstərir ki, biz ortaq baxışlara malik ölkələrik və “orta güc” konsepsiyasına inanırıq.

Slovakiyanın sabiq xarici işlər naziri Yan Kubişin sözlərinə görə, beynəlxalq ictimaiyyətin əksəriyyəti qaydalara, normalara və öhdəliklərə əsaslanan beynəlxalq nizam-intizamı qəbul edib. Yalnız bir neçə böyük güclər qəsdən qaydalara əsaslanan beynəlxalq nizamı pozur. Ona görə də biz bu psixoloji təzyiqin tələsinə düşməməliyik. O, beynəlxalq strukturlarla, institutlarla işləməyin önəmini vurğulayaraq, onlara daha çox legitimlik verilməsinin faydalı olacağına diqqət çəkib.

İndiki vəziyyətin çox çətin olduğunu vurğulayan Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç beynəlxalq münasibətlərdə gücün mühüm rol oynadığını qeyd edib: "Qaydaları lazımi şəkildə tətbiq etmirik. Coğrafi və əhali baxımından kiçik və böyük dövlətlərin üzərinə qaydalara riayət etmək düşür. Odur ki, bizə çoxtərəflilik və ona xidmət edən təsisatlar lazımdır".

Ekvadorun sabiq xarici işlər naziri Mariya Fernanda Espinosa öz növbəsində deyib: "Biz elə bir dövrdəyik ki, çoxtərəflilik ciddi çətinliklərlə üzləşsə də, ona olan zərurət daha da artır. Çoxtərəflilik bizim ümumi amallar naminə necə əməkdaşlıq etdiyimizin göstəricisidir. Hazırda bu sahədə yaşanan böhran birbaşa siyasi iradə və liderliklə bağlıdır. Bizə qərəzsiz mövqeyi ilə seçilən, qətiyyətli liderlər lazımdır. Qarşımızda iqlim dəyişikliyi və bərabərsizlik kimi mühüm vəzifələr dayanır. Əgər bu problemləri həll etməsək, görülən bütün digər işlər nəticəsiz qalacaq".

Dünyada uzunmüddətli münaqişələr və geosiyasi gərginliklərin davam etdiyini diqqətə çatdıran Seneqalın sabiq Prezidenti Maki Sall iqtisadiyyatın zəiflədiyini, iqlim dəyişikliyi, səhiyyə, təhsil və texnoloji inkişafla bağlı qlobal çağırışların getdikcə daha mürəkkəb xarakter aldığını söyləyib.

Avstriya Respublikasının sabiq xarici işlər naziri Benita Ferrero-Valdner Avropa İttifaqı və bir çox digər təşkilatlarda qərar qəbulunun vaxt apardığını qeyd edərək deyib: “Qruplar tərəfindən qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, dövlət-özəl tərəfdaşlığına və qeyri-dövlət aktorlarının iştirakına xüsusi diqqət yetirilməlidir”.

***

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzusunda paneldə dünya siyasətçiləri və ekspertlər BMT sisteminin çağırışlara cavab verə bilməsi və effektivliyinin artırılması üçün aparılacaq islahatları müzakirə ediblər.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, beynəlxalq vəziyyət əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib və problemlər artıb. Onun sözlərinə görə, BMT-nin daimi üzvlərinə yönələn tənqidlər güclənir, çünki bəzi hallarda onlar bitərəf qalmaq əvəzinə münaqişələrin tərəfinə çevrilirlər. Bu isə dünyada qarşıdurmaların artmasına səbəb olan amillərdən biridir. Binəli Yıldırım BMT-nin uzun illər uğurla fəaliyyət göstərdiyini, lakin son dövrdə əvvəlki effektivliyinin hiss olunmadığını və buna görə də təşkilatda əsaslı islahatların zəruri olduğunu vurğulayıb.

BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib ki, BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir. Onun sözlərinə görə, bu müxtəliflik zəiflik deyil, gücün əksidir, lakin effektiv koordinasiya olmadan təkrarçılıq və səmərəsizlik riski yaranır.

Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır bildirib ki, BMT-nin tarixi təkamülü və Təhlükəsizlik Şurasındakı veto hüququ qlobal güclərin maraqları çərçivəsində formalaşıb. Aparıcı güclərin imtiyazlarını qorumağa meyilli olması səbəbindən yaxın gələcəkdə köklü islahatlar çətin görünür.

Slovakiyanın sabiq xarici işlər naziri Miroslav Layçak isə bildirib ki, əsas məsələ BMT-nin çağırışlara daha səmərəli cavab verməsi üçün gündəliyin düzgün müəyyən olunmasıdır. Layçak sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları sahələrində üzv dövlətlərin gələcək problemlərə diqqət yetirməsinin vacibliyini qeyd edib.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibinin müavini Pedro Manuel Morenonun fikrincə, BMT sistemində islahatlar yalnız texniki deyil, strateji zərurətdir. Belə ki, təşkilatın effektivliyini artırmaq üçün mandatların və strukturun yenidən qiymətləndirilməsi vacibdir. Moreno əlavə edib ki, resurslar azalıb və 2030-cu ilə qədər resursların 2024-cü ilə nisbətən 35 faiz azalacağı gözlənilir.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas isə BMT sistemində süni intellekt sahəsində qlobal əməkdaşlıq və vahid yanaşmanın təmin edilməsinin təşkilatın effektivliyi üçün əsas olduğunu bildirib.

XQ





Son xəbərlər