Genetiklər 1812-ci il Moskva kampaniyasının gizli düşmənlərini müəyyən ediblər
Tarixçilər 200 ildən artıqdır ki, Napoleon Bonapartın Moskva kampaniyasının ən faciəvi epizodlarından biri olan ordunun geriyə çəkilməsi zamanı baş verən kütləvi itkilərin əsas səbəbi barədə mübahisə edirdilər. Bəs əslində, Napoleonun Böyük Ordusunu nə məhv etdi — sərt qış, aclıq, yoxsa yoluxucu xəstəliklər? Fransa, Kolumbiya və Litvadan olan beynəlxalq alimlər qrupu son elmi metodlara əsaslanaraq bu suala yeni cavab təqdim ediblər.
Tədqiqat haradan başladı?
1812-ci ilin yayında Napoleon 600 min nəfərlik çoxmillətli ordusu ilə Rusiya imperiyasına yürüş etdi. Lakin gözlənilən qələbə əvəzinə, onu geri çəkilən rus ordusu və boş, tərk edilmiş Moskva qarşıladı. Aclıq, soyuq və təşkilatsızlıq şəraitində geriyə — Polşa sərhədinə doğru başlayan uzun və ölümcül geri çəkilmə başladı. Yalnız oktyabrdan dekabra qədər 300 minə yaxın əsgər həyatını itirdi.
Uzun müddət əsas səbəb kimi tif və xəndək qızdırması göstərilirdi. Lakin yeni genetik tədqiqat bu fikirləri şübhə altına alır.
Tarixin izləri diş köklərində tapıldı
Fransanın Parisdəki Paster İnstitutunun alimi Nikola Raskovanın rəhbərlik etdiyi tədqiqat qrupu Litvanın Vilnüs şəhərində tapılmış Napoleonun 13 əsgərinin qalıqları üzərində metagenomik analiz aparıb. Bu metod, konkret mikroorqanizmləri axtarmaqdansa, nümunədəki bütün mikrob DNT-sini "süzgəcdən keçirir" və ətraflı mənzərə yaradır.
Təəccüblü nəticələr əldə edilib: nə epidemik sətəlcəm tifinə səbəb olan Rickettsia provazekii, nə də xəndək qızdırması törədicisi Bartonella quintana bakteriyasının izləri aşkarlanıb.
Gözlənilməz "qatillər"
Bunun əvəzinə alimlər iki başqa ölümcül bakteriyanın izlərinə rast gəldilər:
Salmonella enterica — bağırsaq infeksiyası olan paratifə səbəb olur. Bu xəstəlik yüksək hərarət, diareya, susuzluq və gücdən düşmə ilə müşayiət olunur.
Borrelia recurrentis — tifə səbəb olur. Bu bakteriya bədənə əsasən paltar biti vasitəsilə ötürülür və qızdırma, əzələ və oynaq ağrıları ilə seçilir.
Hər iki infeksiya pis gigiyena şəraiti, sıxlıq və zəif immun sistemində inkişaf edir — məhz Napoleonun geri çəkilən ordusundakı vəziyyət kimi.
Tədqiqat nəticələri qəti deyil
Avstraliyalı genetik Salli Vasef qeyd edib ki, diş köklərində alınan mikrob DNT-si çox az miqdarda olub. Bu isə nəticələrin daha çox ehtimal xarakteri daşıdığını göstərir. Tarixi mənbələrdə təsvir edilən simptomlar digər infeksiyalara da uyğun ola bilər.
Bu səbəbdən alimlər vurğulayırlar: daha dəqiq nəticə üçün fərqli bölgələrdən olan daha çox əsgərin qalıqları üzərində tədqiqat aparılmalıdır.
Beləliklə, Napoleonun 1812-ci ildə uğursuzluğa düçar olmuş ordusunun faciəsini yalnız qış və aclıqla izah etmək yetərli deyil. Yeni genetik sübutlar göstərir ki, geri çəkilən əsgərlər həm də mikroskopik düşmənlərə — Salmonella və Borrelia bakteriyalarına məğlub olmuşdular.
Bu tədqiqat bir daha göstərir ki, tarix təkcə generalların qərarları ilə deyil, bəzən görünməyən və nəzarətə tabe olmayan amillərlə — mikroorqanizmlərlə də yazılır.
S.ELAY
XQ