Əsrin soyğunçuluğu: Luvrda imperator tacına ağır zərər

post-img

Napoleon III-ün həyat yoldaşı imperatrisa Yevgeniyanın tacı ötən ilin oktyabrında Luvr Muzeyində baş verən səs-küylü soyğunçuluğun əsas simvoluna çevrilib. The New York Times yazır ki, oğrular doqquz qiymətli kral zinət əşyasından məhz bu tacı aparmayıblar, amma onu ciddi şəkildə zədələyiblər.

Hadisədən üç ay sonra yayımlanan fotolarda görünür ki, tacın almazla bəzədilmiş hissələri əzilib, bəziləri qopub, xaç əyilib, qızıl qartallardan biri isə yoxa çıxıb.

Luvrun dekorativ sənət şöbəsinin direktoru Olivye Qabenin sözlərinə görə, tacın bərpası ən azı 40 min avroya başa gələ bilər. Dəqiq məbləğ bərpa işlərinə sərf olunacaq vaxta görə müəyyənləşəcək. Muzey bərpaçı seçimi üçün müsabiqə elan etməyə və prosesi izləmək üçün ekspertlər qrupu yaratmağa hazırlaşır.

Soyğunçuluq muzey açıldıqdan cəmi 30 dəqiqə sonra baş verib. Bu hadisə Luvrun təhlükəsizlik sistemində ciddi boşluqlar olduğunu göstərib. Araşdırmaya 100-dən çox polis cəlb olunub, beş nəfər ittiham edilib, lakin digər oğurlanmış zinət əşyaları hələ tapılmayıb.

Yevgeniyanın tacı 1855-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisi üçün Napoleon III-ün sifarişi ilə hazırlanıb. Tac 1 354 almaz, 1 136 çəhrayı brilyant və 56 zümrüdlə bəzədilib. Napoleon III taxtdan salındıqdan sonra imperatrisa İngiltərəyə getsə də, tacı məhkəmə yolu ilə geri ala bilmişdi.

Mütəxəssislərin bildirdiyinə görə, oğrular tacı vitrindən çıxararkən onu sıxaraq zədələyiblər. Yerə düşməsi isə zərəri daha da artırıb. Nəticədə dörd bəzək elementi qopub, bir neçə almaz itib, qızıl qartallardan biri isə hələ də tapılmayıb.

Qabe bildirib ki, tacın geri qaytarılması muzey üçün ümidverici hadisədir. Bərpa işlərinin ilin sonuna qədər başa çatdırılması və tacın yenidən Luvrda nümayiş etdirilməsi planlaşdırılır.

S.ELAY

XQ

Maraqlı