Zeynalabdin Tağıyev ehtiramla anıldı
Neft milyonçusu, böyük messenat Hacı Zeynalabdin Tağıyev xalqın yaddaşında yaşayan şəxsiyyətlərdəndir. Düz bir əsr öncə – 1924-cü il sеntyabrın 1-də Mərdəkandakı bağ еvində vəfat еdən xeyriyyəçi Axund Əbu Turab Ağanın məqbərəsində dəfn edilib, amma bu gün də millət atası kimi hörmətlə xatırlanır.
Bakının Mərdəkan qəsəbəsində unudulmaz xeyriyyəçinin anım mərasiminə tanınmış elm xadimləri, ziyalılar, sakinlər toplaşmışdılar. Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova tədbiri açaraq, H.Z.Tağıyеvin hələ sağlığında gördüyü nəcib işlərdən, millət atasının hamıya nümunə olan şəxsi keyfiyyətlərindən danışıb.
Milli Azərbaycan Tarixi Muzеyinin direktoru, akademik Nailə Vəlixanlı vurğulayıb ki, bu gün Hacı Zeynalabdinin həyat yolu xalqa xidmət nümunəsidir, tarix muzеyi onun irsini araşdırıb təbliğ edən əsas elmi və mədəni məkandır. O, təkcə vəfatı günündə deyil, hər zaman xatırlanmalıdır. Tağıyev irsinin tədqiqatçısı, tarix elmləri doktoru Fərhad Cabbarov bildirib ki, M.Ə.Rəsulzadə İstanbulda “Yeni Qafqasiya”da çap olunan məqaləsində yazırdı: “Xalqın yaddaşında, qəlbində H.Z.Tağıyev həmişə böyük şəxsiyyət kimi qalacaq. Çünki H.Z.Tağıyev xalqı üçün o qədər böyük işlər görüb ki, xalq onu unutmayacaq”.
ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayev təhsil sahəsində H.Z.Tağıyevin xidmətlərinin əvəzsiz olduğunu söyləyib: “O, olmasaydı, bu sahədə o zamanla bu günün arasında böyük uçurum olardı. Məhz bizim tələbələrin də təşəbbüsü idi ki, H.Z.Tağıyevin vəfatının 100 illiyini ehtiramla yad edək. ADA Universitetinin xüsusi proqramı da “Hacı Zeynalabdin Tağıyev mükafatı”dır. Biz tələbələri qruplara bölürük. Hər il ictimai əhəmiyyətli lahiyələri də tələbələrimiz özləri təklif edirlər. Məsələn, yetim uşaqlara diqqət, yol qaydaları və s. lahiyələri də 4–5 ay ərzində tələbələr özləri həyata keçirirlər. Mayın 2-də isə həmin layihələr təqdim olunur, tələbələr mükafatlandırılır. H.Z.Tağıyevin evi ilə bağlı layihə də olub. Təqdimat mərasimi də H.Z.Tağıyevin Mərdəkandakı bağ evində keçirilib. Həmin mərasimin həmişə burada keçirilməsi qərara alınıb”.
“Aydınlığa doğru” Milli-Mənəvi Də-yərlərin Qorunması İctimai Birliyinin sədri Solmaz Əmirli çıxışında Hacı Zeynalabdin şəxsiyyətinin gənclərə tanıdılması məqsədilə 8 ali məktəbdə tədbirlərin təşkil edildiyini diqqətə çatdırıb. Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə qeyd edib ki, 1993-cü ildə Kərbəlada olarkən ona oradakı böyük çilçırağın neft milyonçusu H.Z.Tağıyev tərəfindən hədiyyə olunduğunu söyləyiblər. Çox illər keçsə belə, Hacının bu hədiyyəsi unudulmayıb. Qəsəbə ağsaqqalı Altay Mansurov, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov böyük messenatın xatirəsinə bəslənən böyük ehtiramı təqdir ediblər. AYB-nin üzvü, şair Mahcamal Babayeva isə ona həsr etdiyi şeiri söyləyib.
Tədbirin sonunda H.Z.Tağıyevin nəticəsi Nazim Abdullayev ailəsi adından bütün iştirakçılara təşəkkür edib.
Təranə CƏBİYEVA


