“Diplomatik-siyasi ensiklopediya”

post-img

Azərbaycan elm tarixində bir ilk olan bu beşcildlik sanballı toplunun nəşri onun müəllifi – tarix elmləri doktoru, professor, tanınmış elm və ictimai-siyasi xadim Ağalar Abbasbəylinin uzunmüddətli və məhsuldar zəhməti sayəsində başa gələn bir işdir. “İndigo” MMC-də buraxılmış ensiklopediyanın redaksiya heyətinin üzvləri AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, BDU-nun kafedra müdiri, professor Məsumə Məlikova, siyasi elmlər doktoru, Əməkdar jurnalist Xalid Niyazov və siyasi elmlər üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qurban Məmmədovdur. Ayrı-ayrı cildlərə tanınmış hüquq və siyasi elmlər doktorları rəy veriblər.

Cildlərdə A-dan Z-yə: “Aaxen konqresi”ndən ”Zaman dəyişsə də, erməni xisləti dəyişməyib” qeydlərinə qədər dünyada gedən siyasi proseslərin, diqqətçəkən başlıca problemlərin, siyasi leksikonda yer almış terminlərin dəqiq izahı verilib, eləcə də ayrı-ayrı diplomatların, dövlət və siyasi xadimlərin portretləri təqdim olunub. Bu dolğun nəşr tarixi təcrübənin, diplomatik və dövlətçilik ənənələrinin öyrənilməsi baxımından mühüm önəm daşıyır. Bəri başdan qeyd edək ki, ensiklopediyanın hər cildinin əvvəlində müəllif onu hansı amala həsr etdiyini qısaca bildirir: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə, İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Böyük Qələbəyə, şəhidlərimizin əziz xatirəsinə ithaf bəyanları, eləcə də “Azərbaycanın gələcəyi naminə...” epiqrafı diqqət çəkir.

Bildiyimiz kimi, çağdaş dünyanın nizamı və münasibətlər “koleydoskopu” çoxəsrlik və çoxşaxəli inkişaf yolunun nəticəsidir. Beynəlxalq diplomatik durumun təfsiri, perspektivlərlə bağlı siyasi proqnozların verilməsi ensiklopediyaya marağı daha da artırır. İnamla söyləmək olar ki, geniş elmi yaradıcılıq fəaliyyətinin məhsulu olan 2832 sözün izahından ibarət 5 cildlik “Diplomatik-siyasi ensiklopediya” milli politologiya elminin mühüm nailiyyətlərindəndir.

Ensiklopediyanın cildlərində beynəlxalq münasibətlərdə rast gəlinən anlayış, termin və sözlərin mahiyyəti, məzmunu açılır, müxtəlif geosiyasi nəzəriyyə və doktrinalar, dövlət və siyasi xadimlər haqqında ətraflı məlumat verilir. Əlifba ardıcıllığı ilə Ağqoyunlu dövlətindən başlamış bu günkü müstəqil Azərbaycana, Babəkin başçılığı altında milli-azadlıq mübarizəsindən tutmuş Azərbaycan Demokratik Respublikasının tarixinə, ilk beynəlxalq qurumlardan bugünkü siyasi və qeyri-hökumət təşkilatlarına və görkəmli dövlət xadimlərinin fəaliyyətinə qədər məlumatlar yer alır. Qloballaşan dünyada BMT-nin və onun qurumlarının rolunun və əhəmiyyətinin artması ilə bağlı son məlumatlar da bu cilddə yerləşdirilən ayrı-ayrı məqalələrdə öz əksini tapmışdır.

Ensiklopediyada müstəqil Azərbaycan Respublikasının qurucuları, görkəmli dövlət xadimləri və diplomatları Əliyev Heydər Əlirza oğlunun siyasi portretləri, onların həyat və fəaliyyəti, xalq qarşısında misilsiz xidmətləri vətənsevər politoloji təhlilin süzgəcindən keçirilir. Cildlərdə digər siyasi xadimlər haqqında məlumatlara da yer ayrılıb.

Demək olar ki, ensiklopediyanın bütün cildləri üçün xarakterik sayılan xüsusiyyətlərdən biri leksikonda az rast gəlinən, lakin müəyyən ixtisas dairələri üçün vacib olan anlayış və izahat birləşmələrinin yer almasıdır. Bu baxımdan arxiya, atlantizm, birolyar dünya, denonsasiya, egida, xartiya, xunta, ideokratiya, imperativ, kart-blanş, kondominium, messianizm, polemologiya,royalizm, settlementlər, siyasi aktor, təshih, uniya kimi anlayışların sözlüklərə gətirilməsi təqdirəlayiqdir. Ensiklopediyada, həmçinin bir sıra beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyət tarixi və mövcud vəziyyəti haqqında da lakonik məlumatlar var.

Hər cildin əhatəsinə uyğun olaraq anlayışların sıralanması, arada isə hansı biri haqqında isə tutumlu bilgilərin verilməsi elmi-populyar şaxələndirmələrlə mahiyyətə varmağa xidmət edir. Bu da ensiklopediyanın adi sözlük səviyyəsindən daha geniş və əhatəli məlumatlar toplusu kimi dəyərini artırır.

Professor Ağalar Abbasbəylinin “Azərbaycanın gələcəyi naminə...” epiqrafı ilə hazırladığı 5-ci cild məlumat, fakt və materialların zənginliyi, rəngarəngliyi baxımından o biri cildlərdən seçilmir, hətta deyərdik ki, əksinə, onları lazımınca tamamlayır.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İsmayıl Əliyev bu sanballı eksiklopediyanı ətraflı şərh edərək yazır ki, müasir dövrdə leksikonumuzda elə terminlər və söz birləşmələri var ki, bunlar bütövlüklə diplomatiya və xarici siyasət məsələlərinə aiddir və onlara aydınlıq gətirilməsi, mənalandırılması və izahı tələb olunur. Bu baxımdan müxtəlif anlayışların mənalarının elmi-populyar üslubda açılması olduqca gərəklidir, bunların əlifba ardıcıllığı ilə cildlərə yerləşdirilməsi isə oxucu rahatlığını təmin edir. Ensiklopediyada beynəlxalq əhəmiyyətli qurum, proqram, layihə və sənədlərin də izahına aydınlıq gətirilir. Dünya siyasəti tarixində türklərin müstəsnə rol oynadığını nəzərə alan müəllif ayrıca məqalədə tarixi və müasir türk dövlətlərinin siyahısını verib, eramızdan əvvəlki III əsrdən başlayan və XX əsrin sonuna qədər olan dövrləri əhatə edən yüzlərlə türk dövlətlərinin adlarını tarixin yaddaşından ensiklopediyanın yaddaşına köçürüb.

“Diplomatik-siyasi ensiklopediya” elmi işçilər, diplomatlar, jurnalistlər və bütün Azərbaycan oxucuları üçün ən qiymətli ərməğandır.

Əli DOSTƏLİ
XQ

Mədəniyyət