İftixar Piriyev – 65
O həm də dramaturq və teatr rəhbəridir
Ölkənin mədəni ictimaiyyəti C.Cabbarlı adına İrəvan Dövlət Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin 65 illik yubileyini sevgi-sayğı ilə qeyd edir.
Yaradıcı insanın həyatında 65 yaş ciddi sənət hesabatı məqamıdır. İftixar Piriyevin səhnədə, xüsusən uzun illərdən bəri rəhbərlik etdiyi teatrda yaratdığı sənət ab-havası, çoxsaylı obraz və ideyalar onun yaradıcılıq bioqrafiyasında sosial-kulturoloji təkamülü əks etdirir. Teatr sənətində ustad mərtəbəsinə yüksələn sənətkar ölkəmizdə innovativ bədii baxışın, yeni teatr sistemlərinin müəlliflərindən biri kimi tanınır. Teatrı dünyanı dərk etmək və insanların şüurunu dəyişdirmək üçün ən güclü vasitə kimi qəbul edən İftixar Piriyev 65 yaşın zirvəsinə məhsuldar və çoxşaxəli yaradıcılıq, zəngin sənət hesabatı ilə gəlib.
1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) dram-kino aktyorluğu ixtisası üzrə bitirən İftixar Piriyev Azərbaycanın görkəmli sənətkar və teatr pedaqoqları – Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əlabbas Qədirovdan xeyir-dua alaraq peşəkar sənət yoluna çıxıb. O həmin ildən Akademik Milli Dram Teatrında (1981–1998), daha sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında (2009–2025) aktyorluq fəaliyyəti göstərib.
1991–1998-ci illər ərzində Akademik Milli Dram Teatrında İftixar çoxsaylı fərqli xarakterlərə malik obrazlar qalereyası yaradıb. İftixarın obrazlar qalereyası rəngarəng və zəngindir: Litavrçı (“Maqbet”– Şekspir), Birinci şəxs, Bayandur, Samir, Ayaz (“Xurşudbanu Natəvan”, “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Şeyx Xiyabani”– İ. Əfəndiyev), Əkbər, Xəzər, Poladgüc (“Mirzə Şəfi Vazeh”, “Gecə döyülən qapılar”, “Mənsiz dünya”, “Torpağa sancılan qılınc”– N.Xəzri), Oğlan (“Medeya” –J.Anuy), Elcan (“Məhəbbət yaşadır”– N.Hacıyev), Vəliqulu, Namiq (“Sizi deyib gəlmişəm”, “Şəhərin yay günləri”– Anar), Qaraçı (“İblis”– H.Cavid), Edqar (“Kral Lir”– Şekspir), Talap (“Sokratı anma gecəsi”– Ç. Aytmatov, M. Şaxanov) Yıxan (“Atabəylər”– N.Həsənzadə), Çingiz (“Bəxtsiz cavan”– Ə.Haqverdiyev), Altay (“Od gəlini”– C.Cabbarlı), Qədir bəy (“Lənkəran xanının vəziri”– M.F.Axundov), Məlikməmməd (“Məlikməmməd” nağılı), Əli bəy (“Vaqif”– S.Vurğun), Fərhad (“Günah”– R.Əlizadə), Polis (“Üç quruşluq opera– B.Brext, K.Vayl), Niftalı (“Yayda qartopu oyunu”– V.Səmədoğlu), Zəki (“Yalan”– S.Rəhman), Aşıq İftixar (“Qədr Gecəsi”– E.Baxış) və s.
Bu qalereyanın sənət incilərində aktyor obrazlarının dərin psixoloji tədqiqini aparıb, onların daxili dünyasını mimika, jestlər və intonasiya vasitəsilə ifadə etməyə nail olub. İftixar müəllimin hər yeni obrazı tamaşaçıların qəlbində dərin izlər buraxıb.
Gərgin əmək nəticəsində İftixarın nail olduğu mükəmməl aktyor oyunu məhz ona müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev obrazını canlandırmaq cəsarət verib. 2000-ci ildən bu günə kimi direktoru olduğu C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində dramaturq Aqşin Babayevin "Xilaskar", İftixar Piriyevin "Qurtuluş dastanı", Hidayət Orucovun "Burdan min atlı keçdi" pyesləri əsasında qurulan tamaşalar sənətkarı bir neçə ilkin də müəllifi kimi tanıdıb. Azərbaycan və nüfuzlu xarici teatr səhnələrində (Türkiyə, Gürcüstan, Rusiya) İftixara 100 dəfəyə yaxın Heydər Əliyevin bədii obrazını yaratmaq və yaşamaq şərəfi nəsib olub.
Heydər Əliyev obrazını məharətlə ifa edən İftixar Piriyev Ulu öndərin yerişini, duruşunu, jestlərini, mimikasını, nitq tərzini, hətta tarixi çıxışlarındakı səsinin avazını məharətlə canlandırıb. “Xilaskar” pyesi müəllifi “Qurtuluş dastanı”nı qələmə almağa ilhamlandırıb. Bu dəfə İftixar müəllimin yetkin qələmi ən yeni tariximizin Heydər Əliyev səhifələrini böyük səhnədən təqdim edib. Bundan əvvəl isə o, qələmini mənzum pyeslər janrında sınamışdı. Prezident İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti ilə yazılmış “İşıqlı, nurlu sabah” (2011), Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət beynəlxalq təbliğat və təşviqat kampaniyası” çərçivəsində hazırlanmış – “Soyqırımı tarixinin dastanı” (2011) pyesləri səhnədə mənzum üslubda səslənmişdi.
2013-cü ildə İrəvan Teatrının 131-ci mövsümü ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində “Qurtuluş dastanı” epik-tarixi dramının premyerası Akademik Milli Dram Teatrının səhnəsində keçirildi. 2015-ci ildə isə bu pyes C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyuldu.
Aktyor İftixarın İrəvan Teatrı dönəmi bu günə kimi fərqli rollar palitrasından fərqlənir. Onun Hidayətin “İrəvanda xal qalmadı”– Tarix (2017), Elçinin “Akvariuma xüsusi sifariş” – Kəbləyi Muxtar (2020), Şekspirin “Kral Lir” – Kral Lir (2025) kimi obrazları aktyor ampluasının geniş diapozonundan, klassik əsərdən tutmuş absurd janrında olan pyeslərə qədər məharətli oyununun çoxplanlığından xəbər verir.
İftixarın aktyor yaradıcılığı teatr səhnəsilə kifayətlənməyib. Onun aktyor kimi portretini tamamlamaq üçün televiziya tamaşalarında bədii televiziya filmlərində oynadığı çoxsaylı rolları da qeyd etməliyik. İftixar həmçinin Azərbaycan Televiziyasında “Ozan” folklor toplusunun aparıcısı, bir çox ədəbi-bədii proqramlarda bədii qiraətçi kimi də tanınıb.
İrəvan Teatrının direktoru vəzifəsinə təyin olunmamışdan öncə də İftixar Piriyev peşəkar teatr təşkilatçısı kimi özünü artıq layiqincə doğrulda bilmişdi. Hələ 1991-ci ildə İftixar Azərbaycan Milli Dastan Teatrı yaratmaqla böyük cəsarət tələb edən addım atmışdı. 1998-2000-ci illərdə hazırda ümummilli lider Heydər Əliyevin adını daşıyan Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək də İftixar Piriyevə həvalə olunmuşdu. Tiflis Teatrının bərpasını uğurla başa çatdıraraq etimadı doğruldan sənətkar 2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə təyin olunub.
İftixar Piriyev rejissor kimi “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Nurlu ömrün anları”, “Qalx ayağa Azərbaycan”, “Azərbaycan bayrağı”, “Qurtuluş” (İftixar), “Siluet” (İ.Məmmədli), “Səs” (A.Nəzər), “Stalin-İzm” (Elçin) tamaşalarına da yüksək fantaziyalı quruluşlar verib. O, teatra Lütfi Zadənin qeyri-səlis məntiqini gətirməklə XXI əsrin ilk rübündə quruluş verdiyi “Siluet” tamaşası ilə milli teatr tarixinə yenilikçi rejissor kimi daxil olub.
Görkəmli teatr xadimi İftixar Piriyevin 65 illik yubileyi elmi-yaradıcılıq fəaliyyətinin yeni mərhələsinin başlanğıcına təsadüf edir. Onun təcrübəsi, sənətkarlığı, teatral ideyaları milli səhnə sənətinə yeni üfüqlər açır. Yubilyarı təbrik edir, ona tükənməz sənət eşqi və elmi axtarışlarda yeni nailiyyətlər arzu edirik!
Yeganə ƏLİYEVA,
AMEA-nın aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent