Aprelin 24-ü Gənclərin Beynəlxalq Həmrəylik Günüdür.
Bu gün Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən etibarən hər il qeyd edilir.
Bu günün təsis olunmasında məqsəd dövlət orqanlarının, cəmiyyətin və medianın diqqətini gənclərin problemlərinə cəlb etməkdən, onların hərtərəfli müdafiəsinə, inkişaf və tərəqqisinə şərait yaratmaqdan, həmçinin gənc nəsli birləşdirməkdən və həmrəyliyini gücləndirməkdən ibarətdir.
Gənclərin Beynəlxalq Həmrəylik Günündə bütün dünyada konqreslər, seminarlar, konfranslar və digər tədbirlər keçirilir. Eyni zamanda, fləş-moblar, yaradıcılıq sərgiləri və digər tədbirlər təşkil olunur, müxtəlif ölkələrdə yaşayan gənclər bir araya gətirilir.
Gənclərin, ictimai təşkilatların, geniş əhali kütlələrinin və gələcək nəsillərin taleyi üçün narahat olan digər insanların səylərinin birləşdirilməsi cəmiyyətin gənclərin hüquqlarına nəzarətini gücləndirir, onların iqtisadi, sosial, elmi-texniki, mənəvi və digər bu kimi problemlərinin həllində təşkilatlanmasını və yaradıcılıq fəallığını artırır.
Qeyd edək ki, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritet məsələlərindən biri kimi daim diqqətdədir. Respublikamızda gənclərin hərtərəfli inkişafı və onların layiqli vətəndaş kimi formalaşması üçün hər cür şərait yaradılıb.

