Türkiyənin Muğla vilayətində Yörük-Türkmən festivalı

post-img

Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində növbəti əhəmiyyətli addım atılıb. Türkiyənin Muğla vilayətində keçirilən 16-cı Yörük-Türkmən Festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Festival Muğla Böyükşəhər Bələdiyyəsi, Valilik və yerli Yörük-Türkmən Dərnəyinin birgə təşkilatçılığı ilə Menteşe Düzeyn Yaylasında baş tutub.

Festival çərçivəsində müxtəlif ölkələrlə yanaşı, Azərbaycanı təmsil edən  ziyarətçilərə xüsusi  stend təqdim olunub. Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov stendlə tanış olub, festivalın açılış mərasimində iştirak edib.

Tədbirin əsas proqramı Yörük xalqının köklü mədəniyyətini əks etdirən bir sıra elementləri özündə cəmləşdirib. Bura əl işləri sərgiləri, ənənəvi mətbəx nümunələri, unudulmaz musiqi və rəqs nömrələri daxildir. Festivalda, eyni zamanda, Yörük xalqının adət-ənənələrini və həyat tərzini nümayiş etdirən məlumatlar da təqdim olunub.

Açılış mərasimində çıxış edənlər Yörük mədəniyyətinin türk millətinin köklü kimliyinin ayrılmaz bir hissəsi olduğunu xüsusi vurğulayıblar. Bu mədəniyyət türk dünyasının ortaq dəyəri kimi qəbul edilir və bu cür tədbirlər qədim türk mədəniyyətinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və türk xalqlarının həmrəyliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bədii hissə ilə davam edən festivalda Türkiyənin müxtəlif bölgələrindən gələn folklor kollektivlərinin rəngarəng çıxışları iştirakçılar tərəfindən böyük maraqla izlənilib. Bu festival bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə siyasi müttəfiq deyil, həm də ortaq mədəniyyətə və dəyərlərə sahib olan iki qardaş ölkədir.

Arzu ƏLİYEVA
XQ

 

Mədəniyyət