Milli Kitabxanada uşaq ədəbiyyatının klassiki və uşaq dramaturgiyasının banisi Xanımana Əlibəylinin anadan olmasının 105 illiyi munasibətilə “Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli”, xalq yaradıcılığının yorulmaz tədqiqatçısı Azad Nəbiyevin yubileyi münasibətilə isə “Professor Azad Nəbiyev - 80” adlı ənənəvi kitab sərgiləri açılıb.
“Əməkdar incəsənət xadimi Xanımana Əlibəyli” adlı kitab sərgisində müəllifin əsərləri, tərcümə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, jurnal və dövri mətbuat materialları, sözlərinə bəstələnmis musiqi notları nümayiş olunur.
“Professor Azad Nəbiyev - 80” adlı ənənəvi kitab sərgisində isə professorun əsərləri, tədqiqatları, ali məktəblər üçün dərs vəsaitləri, tərcümələri, tərtibçisi, redaktoru, rəyçısi və məsləhətçisi olduğu, ön söz yazdığı kitablar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi kitab sərgiləri bir həftə davam edəcək.
Xatırladaq ki, Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələri arasında özünəməxsus yeri olan Əməkdar incəsənət xadimi, şair-dramaturq Xanımana Sabir qızı Əlibəyli 20 aprel 1920-ci ildə Bakının Keşlə kəndində ziyalı ailəsində anadan olub.
Xanımana Əlibəyli 16 yaşında ikən Bakıda Tibb İnstitutuna daxil olub, 1942-ci ildə institutu bitirib. Ədəbiyyata, xüsusən də uşaqlara olan sevgisi onu ADU-nun filologiya fakültəsinə gətirib çıxarmış, ikinci ali təhsilini də müvəffəqiyyətlə bitirmişdir.
“Balaca həkim ” adlı ilk şeir kitabı 1955-ci ildə çap olub. “Çoxbilmiş çəpişlər”, “Dovşanın ad günü”, “Ləpələrin nağılı”, “Sənubərin gözləri”, “Məni günəşə at” və s. 30-dan artıq kitabın, yüzlərlə uşaq şeirinin, onlarla poema və səhnə əsərinin müəllifidir. Müəllifin “Cunquş”, “Dovşanın ad günü”, “Aycan”, “Gözəllər gözəli” pyesləri uzun müddət gənc tamaşaçılar teatrının səhnəsini bəzəyib.
AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor Azad Mövlud oğlu Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb, 1968-ci ildə həmin universitetin aspiranturasına qəbul olub.1972-ci ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1982-ci ildə professor elmi adını alıb.
Professor Azad Nəbiyev folklorşünaslığın müxtəlif sahələri və problemləri ilə məşğul olub. Nəzəriyyəçi alim kimi təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınıb. “Nəğmələr, alqışlar, inanclar”, “Azərbaycan dastanları”, “Novruz”, “Novruz bayramı”, “Sehrli sünbüllər”, “İlaxır çərşənbələr”, “Alqışlar, adətlər, nəğmələr”, rus dilində “Azərbaycanın mif, əfsanə və nağılları”, “Azərbaycan folkloru”, Türkiyə türkcəsində “Azərbaycan ədəbiyyatı antologiyası” və başqa kitab və monoqrafiyaların, dərs vəsaitlərinin müəllifidir. Onun 15-dən artıq toplama və tərtib kitabı folklorşünaslar üçün mühüm qaynaqlar sırasındadır.